XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2016 - 15:50

Həbsxanadan çıxan 6681 nəfərin hər birinə 420 manat pul verilib –Nazilik

hebsxana16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6 681 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.

 Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması da diqqətdə saxlanılıb.

 Bu məqsədlə cari ildə Bakının Xətai və Qaradağ rayonlarındakı cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına aid olduğundan məşğulluq orqanları tərəfindən həmin şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri davam etdirilir. Mərkəz bu təbəqədən olan insanların hüquqlarının müdafiəsi, onların sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması və s. istiqamətdə zəruri tədbirləri həyata keçirəcək.