XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 March 2015 - 09:10

Qapı pusaq, qurşaq ataq

Bahar bayramının bir sıra adətləri, özəllikləri var. Bu adətlərdən ikisi haqda danışmaq istəyirəm;

1. Qapı pusmaq

2. Qurşaq atmaq

Hər il Bahar bayramı ərəfəsində bu bayramla bağlı və bu bayramın bəzi adətləri haqqında söhbətlər yenilənir. Kimisi bu bayramın Milli bayram olduğunu və yaşadılmasının gərəkli olduğunu bildirir, kimi də bu bayram bizim milli bayramımız deyil və bu bayramı biz keçirməməliyik –deyir. Bayramın bizə aid olmadığını iddia edənlər düşüncələrinə tutarlı dəlil kimi qapı pusmaq və qurşaq atmaq adətini əsas gətirərək “Kiminsə qapısını pusmaq”, ya da “papaq atmaq” kimi adəti yaşatmaq kimə lazımdır axı? – deyirlər. Əlbəttə, bu və bu kimi adətlərə mahiyyətə varmadan, yalnız göründüyü kimi yanaşanda belə yanlış nəticəyə gəlmək təbiidir.

Birlikdə düşünək;

Qapı niyə pusulur, yaxud qurşaq (torba, papaq) niyə atılır?

Min illər öncə – bu bayramın yarandığı ilk dönəmlərdə milli sözü yox idi. Eyni düşüncəni paylaşan, eyni həyatı yaşayan insanlar var idi. Baharın gəlişi, təbiətin oyanışı əkinçi toplum üçün ümidlərin yenidən oyanması demək idi. Bu əkiçi türk də ola bilərdi, fars da, əfqan da… Zaman keçdikcə hər bir xalqın yaradılışına, ruhuna, təbiətə və cəmiyyətə baxışına uyğun olaraq bu bayrama milli koloritlər əlavə olundu. Milli dəyərlərlə zənginləşdi. Beləcə bir sıra xalqların milli bayramına çevrildi. Ad “Novruz”laşa bilər. Bizim öz adlarımız da elə Novruzlaşdı, Camallaşdı, Kamallaşdı… Ancaq, adımız ərəb adı, yaxud fars adı olsa da varlığımız – qanımız və ruhumuz farslaşmadı, ərəbləşmədi. Bayramımız da eləcə. Demək ki, adı “Novruz”laşsa da bu bayram min illər öncə milli bayrama çevrildi. Bu gün bir çox xalqlar Baharın gəlişini bayram edir. Hər bir millət öz ruhuna, öz təbiətinə uyğun. Hər toplum bu bayrama öz rəngini qatıb və beləcə bir çox xalqlar üçün milli bayrama çevrilib. Bizim də milli baramımıza çevrildiyi kimi…

Bahar bayramı milli bayram olduğu üçün bu bayramın bir çox özəlliklərini də məhz əski milli düşüncədə aramaq lazımdır. İlkin keçirlimə zamanı ən azı beş min il əvvələ dayanan bu bayramda nə üçün qurşaq atılırdı, nə üçün qapı pusulurdu? Bu adətlər hansı ehtiyacdan qaynaqlanırdı?

Bilirik ki, Doğu mədəniyyətində, özəlliklə əski türk mədəniyyətində ağsaqqal kultu vardı. Ağsaqqal müdrik qərarları və davranışı ilə elin birliyini və diriliyini təmin edərdi.O, elin insanları arasında fərq qoymaz, ayrı-ayrılıqda hər kəsin taleyini düşünər, şad gündə də, dar gündə də elin insanlarının yanında olar, dəyərli tövsiyələri ilə hər kəsə doğru yolu bulmasında yarımçı olardı. Türk kültüründə ağsaqqal varlığının ən gözəl örnəyini Dədəmiz Qorqudun timsalında görürük. Deməli, hər bir yaxşı əməlin adətə çevirilməsində, yaşarılıq qazanmasında ağsaqqalın birbaşa rolu və tövsiyələri var. Müdrik el ağsaqqalı qurşaq atmaq, qapı pusmaq kimi adətləri nədən alqışlasın? Nədən belə bir təklifin adətə çevrilməsi və bu adətin əbədi yaşaması üçün xeyir-dua versin? Demək ki, bu adətin toplum üçün ciddi faydası olan və el ağsaqqalını elin taleyi ilə bağlı rahatsız edən nədənlərin çözülməsi yönündə faydalı ola biləcək tərəfləri olmuşdur. O zaman belə soru yaranır; Elin müdrik ağsaqqalı hansı nədənlə və hansı özəlliyinə görə qapı pusulmasını və kiminsə evinə qurşaq atılmasını gərəkli hesab edə bilərdi?

Ağsaqqallığın yazılmamış funksiyasına nəzər yetirdikdə sorunun cavabı az-çox özünü bəlli edir. Hər hansı bir elin ağsaqqalı elin şad günündə bütün eli düşünməli idi. Məhz bütün eli düşünən bir ağsaqqal hər kəsin bu bayramı sorunsuz olaraq keçirə biləcəyindən əmin olandan sonra öz komasında rahatlıqla bayramı qeyd edə bilərdi. Bəs, o zaman elin ağsaqqalı eldə yaşayan insanların hansının bayrama hazırlıqlı olub-olmadığını, insanların bayramla bağlı hansı qayğılarla yaşadığını necə müəyyən edə bilərdi? Bəs, elin bayrama hazırlıqlı olmayan üzvlərinin bayrama hazır olması, bayramı ürəkləri istəyən səviyyədə keçirmələri üçün nə etmək olardı? Necə etmək olardı ki, elin yoxsul insanları həm bayramı keçirmək imkanı qazansın, həm də həmin yoxsul, ona edilən bu yardımdan utanmasın, sıxılmasın? Əlbəttə ağıllı insanlar, müdrik ağsaqqallar bunun ən yaxşı yolunu düşünüb tapmışdılar;

Bundan ötrü ən yaxşı üsul qapı pusmaq və qurşaq atmaq idi. (Yüz illər boyu məzmunu dəyişərək çağdaş zamanımızda həyata keçirilən qurşaq atmaq və qapı pusmaq kimi yox). Bunun üçün özəl olaraq görəvləndirilmiş insanlar sıra ilə elin yoxsul insanlarının qapısını pusacaq, insanların hansı qayğılarla yaşadığını, hansı bayram sorunları yaşadıqlarını bəlli edəcəkdi. Bundan sonra kimin bayrama hazır olmadığı bəlli olacaq, üzə çıxarılacaqdı. Bəs, bəlli edilmiş yoxsullara hansı üsulla yardım ediləcəkdi ki, həmin insan bundan üzlməsin, ona edilən bu yardıma görə özünü kiməsə borclu hiss etməsin? Bunun da ən uğurlu variantı tapılıb üzə çıxarıldı; Qurşaq atılacaqdı! Bundan ötrü elin imkanlı şəxləri müəyyən edilib onların yaşadıqları evə qurşaq atılacaq və buradan toplanan ruzi, elin yoxsul insanları arasında bölünəcəkdi. Qurşaq atmaq üçün elə üsullar tapıldı ki, qurşağa yeyəcək və içəcək qoyan imkanlı şəxslər kimə yardım etdiyini bilməsin. Toplanan yardımdan faydalanan yoxsul kəsim isə kimdən yardım aldığını bilməsin. Beləcə kimsənin önündə özünü borclu kimi hiss etməsin. İmkanlı insanla qarşılaşanda imkanlı şəxs yardım verdiyini, yoxsul insan ona yardım edəni tanımasın. Yoxsul üçün yardım edən, dayaq olan tərəf yalnız birdir; Bu, Eldir! İmkanlı üçün qarşısında özünü borclu saydığı bir varlıq var; Bu da Eldir! Beləcə insanlar elin gücünü gördü, elin kəramətini, böyüklüyünü gördü. Beləcə, “el gücü-sel gücü”, “el bir olsa dağ oynadar yerindən” və digər bu kimi ellə bağlı sözlər elin mahiyyətindən və bənzərsiz özəlliklərindən doğdu. Bizim bahar bayramımıza da elin dəyərləri əlavə olundu. Beləcə bu bayram El bayramı oldu, Milli bayram oldu. Adı “Novruz”laşsa da, qurşaq atmanın və qapı pusmanın məzmunu dəyişsə də bu bayram bizim milli bayramımızdır. Milli bayramlarımıza, milli dəyərlərimizə, bir sözlə milli olan nə varsa hər birinə sahib çıxmalıyıq. Yoxsa, bu bayrama biriləri sahib çıxacaq. Yeri gəlmişkən deyim ki, Ermənistan prezidenti Tehran səfərlərinin birində “Novruz bayramını ilk dəfə ermənilər keçirib”-demişdi. Bunu deyən adam ağılsız deyil. O bilir ki, bu bayrama sahib çıxan millət böyüyəcək. Bu gün Babəkimizə, Şah İsmayılımıza və digər tarixi şəxsiyyətlərimizə hücumlar var. Onlar da ağılsız deyil. Yaxşı bilirlər ki, Babəki, Şah İsmayılı bizdən alsalar, milli bayramlarımızı bizdən alsalar, bizi biz edən nədənləri bizdən alsalar yerində millət yox, insan yığını qalacaq. Milləti millət edən onun minillərə dayanan mədəniyyəti, mənəvi və maddi dəyərləridir. Mədəniyyəti, mənəvi və maddi dəyərləri olmayan millət, millət deyil, insan yığınıdır.

Namiq Hacıheydərli

21 mart 2015

Varlı kəndi