XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 14:49

Alimlər üçün tikilmiş bina ilə bağlı qalmaqal:Evi olanlar da mənzil almaq üçün müraciət edib

ev-alim

 

Azərbaycan Milli Elmlər Akademisyasının sifarişi ilə Yeni Yasamal,  Əsəd Əhmədov kuçəsində alimlər üçün inşa olunan 3 girişli, 15 mərtəbəli yaşayış binasının təhvil verilməsi bir ildən çoxdur gecikir.

Binadan mənzil alan sakinlərin Azadinform-a verdiyi məlumata görə, 2012-ci ildə müqavilə bağlayıb ev alsalar da “Evrostroy Group” şirkəti tərəfindən inşa olunan mənzillərinə köçə bilmirlər: “Bina 2014-cü ildə təhvil verilməli idi. Lakin iki ildən çoxdur get-gəldəyik, “bu ay – gələn ay deyib” mənzil sahiblərini aldadırlar. (azadinform)

Binadan ev alan vətəndaşlar bildirir ki, 2015-ci ilin fevralından bir çox mənzil sahibləri evlərinin təmirinə başlayıb, artıq yekunlaşdıranlar da var:  “Dedilər ki, təmir edin, avqust ayında isə girib yaşayarsız. Avqustdan sonra 5 ay keçib, hələ də binanın işləri yekunlaşmayıb. İndi də deyirlər dekabr ayında köçərsiniz, amma o da tam olaraq yox. Binada çalışan çox az sayda fəhlələr isə bildirir ki, bu gedişlə bina gələn ilin yayında təhvil verilsə Allaha şükür edərsiz”.

Məsələ ilə bağlı Azadinform-a açıqlama verən AMEA-nın İşlər İdarəsinin müdür müavini Sərdar Əliyev bildirib ki, Akademiya ilə “Evrostroy Group” şirkəti arasında 2012-ci ildə müqavilə bağlanıb: “Binanın inşası yataqxanada yaşayan Akademiyanın elmi işçilərinin köçürülməsi üçün planlaşdırılıb. Amma məsələ ondadır ki, o vaxt müqavilə bağlananda böyük səhvə yol verildiyindən, hələ də bu məsələ açıq qalıb və böyük müzakirəyə səbəb olur. Səhv ondan ibarətdir ki, orda binanın girişi və mərtəbəsi yazılıb, ancaq nə mənzillərin sahəsi, nə də mənzillərin sayı göstərilməyib. Belə halda da neçə mənzil veriləcəyi məsələsi mübahisəlidir”.

S.Əliyevin sözlərinə görə, müqavilədə binanın 2014-cü ildə təhvil veriləcəyi qeyd olunur: “Düzdü, hələ təhvil verilməyib, veriləcəyi gözlənilir. Bina köçürüləcək olan elmi işçilər üçün kifayət  etmir, həmin sahə işçilərin sayından xeyli azdır. Hazırda bina tikilib istifadəyə verilməsə də üzərində tamamlanma işləri gedir”.

S.Əliyev qeyd edib ki, Akademiya yataqxanada yaşayan işçilərin şəraiti ilə bağlı araşdırmalar aparıb: “Araşdırmalar  nəticəsində  bəlli oldu ki, orda yaşayanlardan bəzilərinin başqa yerlərdə ev var, bəziləri isə o vaxt binadan ev almaq üçün evini başqa adamların adına keçirib. Şübhəsiz ki, bununla bağlı bir çox suallar var və bu istiqamətdə araşdırmalar davam etdirilir. Bu yaxınlarda Direktorlar Şurasının iclası keçirildi və bu məsələ orda da açıldı. Qarşıdan Rəyasət Heyətinin iclası gözlənilir və  yenə müzakirəyə çıxarılacaq. Bununla bağlı komissiya yaradılacağı gözlənilir ki, məsələ dəqiq araşdırılsın”.

S.Əliyev vurğulayıb ki, binada sahə az olduğu üçün işçilərə verilmir: “İndiyə kimi əsasən o adamlar müraciət edir ki, onlar Akademiyada işləmir və bina almağa da hüququ yoxdur. Hətta onlar illərdir yataqxanada da qanunsuz şəkildə yaşayıblar. Bu sahədə də müəyyən tədbirlər görüləcək. Yataqxanada qanuni və ya qanunsuz  şəkildə qalmaqları məhkəmə orqanları tərəfindən araşdırılıb müəyyənləşdiriləcək. Bu məsələ aydınlaşdırılmamış onların bu binadan ümumiyyətlə ev alıb-almamaları sual altındadır. Yəni bu məsələ çox çətin bir vəziyyətdədir. Hələ də araşdırmalar gedir. Çünki buna çox geniş formada baxılmalıdır. Bunun həllini tapmağı üçün hələ vaxt lazımdır”.

Xatırladaq ki, “Evrostroy Group” şirkəti hələ bir neçə il əvvəl Elmlər Akademiyasının işçiləri üçün inşa edilməsi 1988-ci ildə nəzərdə tutulmuş yaşayış binasını tikərək mənzilləri bazar qiymətləri ilə deyil, maya dəyərinə verilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən təqdir edilib və Yeni Yasamal yaşayış massivində şirkət dövlətin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri üçün 15 mərtəbəli 3 girişli yaşayış binasının inşasına başlayıb. Həmin binada hətta 40 ilə yaxın ev növbəsində olan elm adamların, akademik, professorların bütün müasir tələblərə cavab verən mənzillərlə təmin ediləcəyi nəzərdə tutulub.