XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 15:22

Şəhid zabitin medalı iki yaşlıoğluna verildi

Cəbhə bölgəsində düşmənin mövqelərimizə hücumu zamanı 2015-ci ilin dekabr ayında şəhid olan Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayevin Azərbaycan Prezidenti İlham Əliyevin adından müdafiə nazirinin əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin il mərasimində onun ailəsinə təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qax rayonunun Qaxbaş kəndində təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, nazirliyin, Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Qax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid A.Mollayevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasimdə şəhidin qısa, lakin Vətənə həsr olunan mənalı ömür yolundan bəhs edilərək diqqətə çatdırılıb ki, o, 1988-ci ildə Qax rayonunda anadan olub, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində oxuyub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra A.Mollayev Naxçıvan Muxtar Respublikasında və Goranboy rayonu ərazisindəki hərbi hissələrdə xidmət edib. Sağlığında "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunan gənc zabit peşəkarlığı və işgüzarlığı ilə həmişə fərqlənib. Xidməti vəzifəsini yerinə yetirərkən 1 il əvvəl şəhidlik zirvəsinə ucalıb. Özündən sonra bir oğlu yadigar qalıb.

Şəhidin atası Molla Mollayev oğlunun Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini deyib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhidin layiq görüldüyü medal onun iki yaşlı oğlu Kənanın sinəsinə sancılıb.