“Qaçqın və məcburi köçkünlərin problemləri Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.
“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, son 25 ildə qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə olsun pozulmayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, son 23 ildə məcburi köçkünlərin problemlərinin həllinə 6,1 milyard vəsait sərf olunub, 95 müasir qəsəbə salınıb: "Bakıda məcburi köçkünlərin yaşadığı 155 yarımtikili, pansionat var, onlardan 51-i ilə bağlı tədbir görülüb".
Ə.Həsənov deyib ki, deputatların qaçqın statusunun ləğv edilməsi ilə bağlı təklifi narazılıq yaradıb: “Kimsə məlumatlı deyilsə, o zaman danışmamalıdır, ya da araşdırıb danışmalıdır. Son günlər qaçqın və məcburi köçkünlərə hücumlar artıb. Bunun səbəbini bilmirəm. Qaçqın və məcburi köçkünlər xalqın ən həssas təbəqsidir. Status məsələsi dövlətin daxili işidir. Heç bir dövlət deyə bilməz ki, onlara niyə bu status verilib. Biz necə ki, Ermənistan mətbuatını izləyiriksə, onlar da Azərbaycan mətbuatını izləyirlər. Sonra deyəcəklər ki, Azərbaycanda vəziyyət belədir. Qaçqın və məcburi köçkünlərə edilən kömək onların torpaq həsrətini azalda bilməz”.