XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 13:21

Əmək hüquqları ilə bağlı 36 mindən çox ərizə və şikayət daxil olub- Son 3 ildə

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV Məclisinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır.

S.Mehbalıyev vurğulayıb ki, təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq və araşdırma aparılıb: “Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib və aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilib. Əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanmasına və onlara xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün aparılmasına, işçilərin istirahət vaxtlarına, o cümlədən onların məzuniyyət hüquqlarının təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət yetirilib”.

Onun sözlərinə görə, son üç ildə AHİK-in Hüquq şöbəsi tərəfindən 26 normativ-hüquqi akt layihəsinə təkliflər verilib və həmin təkliflərin əksəriyyəti nəzərə alınıb.

S.Mehbalıyev qeyd edib ki, AHİK-in hüquq müfəttişlərinin əsas vəzifələrindən biri də işçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında iştirak etməkdir: “Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırıblar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib. Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının pozulmasına da tez-tez rast gəlinir. AHİK-in və üzv təşkilatlarının, onun tabeliyində olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki, 9 inzibati iş ilə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunub. 16 iş üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunub. Digər iki iş üzrə məhkəmə prosesləri davam edir”.

O əlavə edib ki, həmkarlar ittifaqı təşkilatlarına son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36 007 ərizə və şikayət daxil olub: “Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə bağlı olub və 872 nəfər işə bərpa edilib. Yoxlamalar zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilib, lazımi göstəriş və tövsiyələr verilib. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər və respublika komitələri məlumatlandırılıb. Qarşıda duran məqsədlərə çatmaq üçün bütün imkanlardan dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcək”.