“Gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi təmin olunacaq və bu məqsədlə 127 mln. manat vəsaitin sərf olunacağı gözlənilir”.
Strateq.az bildirir ki, bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim partiyanın rəsmi saytına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, ümumilikdə pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində pensiyalarda mütəmadi artım dinamikası 2017-ci ildə də davam edəcək və növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğinin 5,8 faiz artaraq 202,3 manata çatacağı proqnozlaşdırılır.
Nazirin sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verməsinə, bir çox sahələr üzrə xərclərin ixtisarına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, gələn il də büdcənin sosialyönümlü olması təmin ediləcək. Bu sahələr üzrə xərclər artırılacaq: “Ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizi məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub ki, bu da sosial sahənin, o cümlədən sosial müdafiənin təmin edilməsinin ölkə iqtidarının daim diqqət mərkəzində olduğunu təsdiq edir”.
S. Müslümov deyib ki nazirliyin xətti ilə müxtəlif kateqoriyalardan (müharibə əlilləri və onlara bərabər tutulanlar, şəhid ailələri, I qrup əlillər, fəxri adı olanlar və b.) olan 57,2 min insana Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilir ki, onların 95 faizdən çoxu eyni zamanda pensiya və ya sosial müavinət sistemi ilə əhatə olunublar: “Misal olaraq, 20,3 mindən çox I qrup əlil şəxsə aylıq sosial müavinətlə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri də verilir. Yəni bir tərəfdən sistemin əhatəliliyi təmin edilir, digər tərəfdən ayrı-ayrı kateqoriyadan olan şəxslərin eyni vaxtda iki istiqamətdə dəstəklənməsi həyata keçirilir ki, bu da həmin insanların təminat səviyyələrinin yaxşılaşdırılmasına xidmət edir”.