XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 01:45

Naxçıvanda da bütün yollar Bakıya aparır,amma necə?

naxcivan-iran-serhedi_700x390

Regionlar arasındakı əlaqəni şərtləndirən əsas vasitələrindən biri də yollardır. Yollar bölgələri bir-birinə bağlamaqla qalmır, birgə yaşayışı, iqtisadi birgəliyi təmin edir. Bu xarakterilə yollar tarix boyu inzibati bütövlüyün simvolu kimi səciyyələndirilib. Təsadüfi deyil ki, tarixdən süzülüb gələn və demək olar, bütün dünyada dillər əzbəri olan bir qədim italyan atalar sözündə deyilir: “Bütün yollar Romaya aparır”.

Hətta qədim Roma zamanında bilinən bu həqiqətin əhəmiyyəti indi daha böyükdür. Roma imperatorluğunun geniş ərazilərində yaşayan insanlar paytaxta gəlməsələr belə, yaşamaq imkanına malik idilər. Qloballaşan dünya şərtləri, iqtisadi münasibətlərin şaxələnməsi indi ucqarları mərkəzə bağlayan yolların əhəmiyyətini daha da artırıb.

İnsafən, bir çox yanlış və ya mübahisəli siyasətlərinə baxmayaraq, Azərbaycan hakimiyyəti də yollara xüsusi diqqət ayırıb. Ölkənin infrastrukturunun yaradılmasını və gələcəkdə beynəlxalq “İpək yolu” layihəsinin qan-damar sisteminə çevriləcək böyük magistralların salınmasını bəlkə də mövcud iqtidarın ən uğurlu siyasəti adlandırmaq olar…

Bununla belə, Azərbaycanın indiyə qədər həllini tapmadığı ən ciddi problemlərindən biri də yenə yollarla bağlıdır. Söhbət Naxçıvanla Azərbaycan arasında gediş-gəliş problemlərindən gedir.

Azərbaycanla torpaq əlaqəsi olmayan Muxtar Respublikanı paytaxta bağlayan tellərdən biri hava yollarıdır. Naxçıvanlıların digər alternativləri isə ya İran üzərindən, ya da Türkiyə, Gürcüstan topraqlarından keçərək, Azərbaycana gəlməkdir. Təəssüf ki, hər iki quru yolu həm kifayət qədər uzun, həm də müxtəlif ölkələrlə sərhəd məntəqələrində yaşanan bir çox naqisliklər ucbatından məşəqqətli başa gəlir. Bu səbəbdən də Muxtar Respublika əhalisinin böyük qismi paytaxta məhz hava yollarıyla gəlir, geri qayıdır.

kecid

Bununla belə, hava yolları ilə səyahət etmək də naxçıvanlılara asan başa gəlmir. Azərbaycanın istənilən bölgəsindən bu diyara səfərə getmək üçün gərək bir neçə gün əvvəldən Bakıya gəlib təyyarə bileti alasan. Nədən ki, bu biletlər yalnız Mərkəzi aerokassada satılır. Əksər zamanlar isə həmin günə bilet tapmaq mümkün olmur. Bir neçə gün sonraya satılan bileti alıb yenidən yaşadığın rayona qayıtmaq, uçuş günü bir də Bakıya gəlmək və Naxçıvana uçmaq, az qala, bütün Azərbaycanı gəzib dolaşmaq qədər əziyyətlidir.

Halbuki, müxtəlif rayonlarda aerokassalar açmaqla və ya dünyanın bir çox ölkələrinin təcrübəsindən istifadə edərək, internet vasitəsilə satış yoluyla bu çətinliyin öhdəsindən gəlmək olar. Di gəl ki, Naxçıvana uçuşların inhisarçısına çevrilən AZAL şirkəti bu haqda fikirləşmək belə istəmir. Özünə görə haqsız da deyil. Necə olsa, zavallı naxçıvanlıların başqa hava yolları şirkətilə səyahət etmək ehtimalları yoxdur.

boing

Alternativsizlik biletlərin qiymətindən də təsirsiz ötüşməyib. Məlumatlara görə, ümumiyyətlə, dünyanın bütün şəhərlərinə qonşumuz Gürcüstan Hava Yollarıyla müqayisədə 2-3 dəfə baha bilet satan AZAL-ın Naxçıvandan qazandığı da az deyil. Ötən il ANS-in apardığı müqayisəyə görə, bir çox xarici hava yolu şirkətləriylə London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, AZAL-la Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş isə 100 manata başa gəlir. 2015-ci illə müqayisədə manat devalvasiya prosesi keçirsə də, indiki kursla belə, Naxçıvana uçuş və geri qayıdış 50 dollardan çox edir ki, bu, yenə London-Köln-London reysindən bahadır.

Üstəlik, AZAL Naxçıvan səfəri üçün dövlətdən satdığı qiymətin miqdarı qədər də  kompensasiya alır. Dörd tərəfdən təbii mühasirə şəraitində yaşayan naxçıvanlıların bu qədər bahalı səyahətinə rəğmən, ən aşağı xidmətə layiq görülməsi qədim dövrlərdən indiyə qədər ölkələrin inzibati bütünlüyünün əsası olaraq səciyyələndirilən “bütün yollar paytaxta aparır” strategiyasıyla daban-dabana ziddir.

Naxçıvan əhalisi paytaxta uzanan quru yollarında da xeyli məşəqqətlərlə üzləşirlər. İstər İran, istərsə də Gürcüstan sərhədlərində toplanan qələbəliyin gömrük məntəqəsindən keçməsi saatlarla davam edir, xoşagəlməz sıxlıqlar yaranır. Tələsən insanların basabası, əsəblərin gərilməsi, yaşlı adamların uzun sərhəd tunellərindən əllərindəki çantalarla keçməsi, nəqliyyat vasitələrinin ardı-arası kəsilməyən növbəsi təkcə vətəndaşlarımıza çəkdirilən əzab olmaqla qalmır, həm də bizi başqa ölkələrə tamamilə fərqli görkəmdə təqdim edir. Halbuki, gedənlərin qayıdarkən, Gürcüstan tərəfdə heç bir maneələrlə qarşılaşmaması bizdə işin doğru təşkil olunmadığından xəbər verir.

Öz vətəndaşımıza xarici dövlət qapısında çəkdirdiyimiz bu məşəqqət başqalarının da bizə hörmətsiz yanaşmasına səbəb olur. İran üzərindən bölgəyə səfər edən yolçuların bildirdiyinə görə, cənub qonşumuzun gömrük məmurları da vətəndaşlarımızı xeyli incidirlər. Bəzən bu xoşagəlməz münasibət təhqirə qədər varır. İran gömrükçüləri çox açıq şəkildə bu münasibətlərinin səbəbini Azərbaycan tərəfinin onların sürücülərindən torpaqbasdı rüsumu almasıyla izah edir və bizim əhalini məqsədli şəkildə incitdiklərini, aşağıladıqlarını heç gizlətmirlər də. Bir növ, dövlətimizin İranla münasibətlərinin girovuna çevrilən Naxçıvan əhalisi çarəsizliyin ücbatından bu məşəqqətlərə dözə-dözə paytaxta gəlib-getmək məcburiyyətindədir.

Məlumata görə, Muxtar Respublika rəhbərliyi vətəndaşlarımızın bu məşəqqətlərini azaltmaq üçün “sürətli keçid” siyasəti həyata keçirməklə, bənzər mənzərənin təkrarlanmasının qarşısını almağa çalışır. Bunun isə çox asan yolu tapılıb. Tələsən insanlar alternativ keçid məntəqəsinə hər maşın üçün 30 manat ödəməklə həm sərhəddən daha tez keçə bilir, həm də yerli büdcəyə əlavə vəsait toplanır. Söhbətləşdiyimiz yerli sakinlər və Muxtar Respublikaya təşrif buyuran turistlər “sürətli keçid”in yaratdığı bu rahatlıqdan məmnun olduqlarını bildiriblər.

 “Sürətli keçid” siyasəti təkcə pul ödəyənləri deyil, həm də ödənişsiz gömrük qapısından keçmək istəyənləri də xeyli sevindirib. Artıq bu məntəqələrdə böyük qələbəliklərin yaranmadığı, yolçuların daha rahat keçid imkanı əldə etdikləri bildirilir.

s%c9%99d%c9%99r%c9%99k

Naxçıvan Muxtar Respublikası rəhbərliyinin bu təcrübəsindən faydalanmaqla Azərbaycan da sərhədlərimizdə yaşanan biabırçılığa son qoya və bütün yolları paytaxta bağlamaq siyasətini daha uğurla həyata keçirə bilər. Nəticədə xarici dövlətlərdə azərbaycanlıya kəm baxmaq ənənəsinə də son verilər.

Bəli, Naxçıvanda da bütün yollar Bakıya aparır. Məşəqqətli, bahalı, xarici təhqirlərə sinə gərə-gərə hər gün yüzlərlə adam bu yollarla kiçik diyardan paytaxta, paytaxtdan kiçik diyara nə qədər ümidlər, sevinclər, qəmlər daşıyır. Yuvalarına özlərindən qat-qat ağır yüklər daşıyan qarışqalar kimi…

 

Heydər Oğuz

Strateq.az