XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 Mart 2015 - 19:36

Mikayıl Cabbarov hesabat verdi

Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni dövlət proqramı hazırlanır.

Bu, təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ildə təhsil sahəsində görülən işlərlə bağlı yazdığı və “Azərbaycan” qəzetində işıq üzü görən hesabat xarakterli məqaləsində əksini tapıb.

Təhsil naziri 2015-2016-cı tədris ilində isə azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklərini də açıqlayıb. Eyni zamanda bu il prioritet ixtisas istiqamətlərinin əhatəliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq geniş seçim imkanı yaradacaqdır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcək.

Təhsil naziri bildirib ki, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Dövlət proqramı çərçivəsində namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib. Dövlət proqramına 2014-2015-ci tədris ili üçün namizədlərin seçimi prosesində şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-videoçəkiliş aparılıb.

Aparılmış seçim nəticəsində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib. Dövlət proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan seçimlər zamanı bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayiş etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.

Sevindirici haldır ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Tələbələr əsasən Türkiyə, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə təhsil almağa üstünlük veriblər. Bununla yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb. Dövlət proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib.

APA