XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 17:29

Peşə məktəblərində təqaüd mexanizmidəyişəcək

Hazırda dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin şagirdləri 38 manat məbləğində təqaüdlə təmin edilirlər. Bu amil, digər meyarlar nəzərə alınmazsa, peşə təhsili sisteminin müəyyən şagirdlər üçün cəlbediciliyini təmin edir. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız şagirdin qeydiyyatdan keçməsi kifayət edir. Həmçinin, maliyyə vəsaitlərinin bölüşdürülməsi zamanı peşə təhsili müəssisələrinin və bu müəssisələrdə təhsil və təlim alan şagirdlərin icra göstəriciləri nəzərə alınmır.

Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub ki, buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması əsas məsələlərdən biridir.

Belə ki, peşə təhsili müəssisələrinin fəaliyyəti əsas fəaliyyət göstəriciləri nəzərə alınmadan qiymətləndirilir və hər birinə dövlət büdcəsindən əvvəlcədən nəzərdə tutulmuş müəyyən miqdarda vəsait ayrılır. Belə qiymətləndirmə peşə təhsili müəssisələri arasında rəqabətin yaranmamasına və peşə təhsilinin ümumi keyfiyyətinin aşağı olmasına gətirib çıxarır. Beləliklə, effektiv fəaliyyət göstərən təhsil müəssisələrinin digərlərindən fərqləndirilməsi mümkün olmur. Bunun başlıca səbəblərindən biri peşə təhsili sistemində əsas fəaliyyət göstəriciləri üzrə maliyyələşməni mümkün edən normativ hüquqi bazanın mövcud olmamasıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, peşə təhsili sisteminin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmində islahatların həyata keçirilməsi labüddür. Burada müasir tələblərə uyğun olaraq, əsas fəaliyyət göstəricilərinə istinad edən diferensial maliyyələşmə sisteminin yaradılması, dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadə edilməsi, yüksək göstəricilərə malik peşə təhsili müəssisələrinin ünvanlı maliyyələşməsi mexanizminin işlənib hazırlanması, eləcə də bu tədbirlərin həyata keçirilməsini mümkün edən təkmilləşdirilmiş normativ hüquqi bazanın qəbulu həlli vacib olan məsələlərdir.

Bununla bağlı olaraq, Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün peşə təhsili müəssisələrinin ixtisaslaşma sahələrini nəzərə almaqla, müvafiq əsas fəaliyyət göstəricilərini (məzunların məşğulluq səviyyəsi, attestasiya qiymətləri, müəllimpedaqoji heyətin hazırlıq səviyyəsi və s. üzrə) işləyib hazırlayacaq. Bu göstəricilər tələbələrin və peşə təhsili müəssisələrinin ümumi maraqları və rəyləri nəzərə alınmaqla, birgə müzakirələr əsasında hazırlanacaq və qəbul olunacaq. Göstəricilər müəyyən edildikdən sonra peşə təhsili müəssisələri bu göstəricilər barədə məlumatlandırılacaq.

Nəticələrə əsaslanan maliyyələşmə sisteminin həyata keçirilməsi üçün normativ hüquqi bazada maliyyələşdirmə və təqaüd mexanizmində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müvafiq dövlət qurumunun aidiyyəti tərəflərlə məsləhətləşmələri yolu ilə hazırlanacaq. Normativ hüquqi bazaya müvafiq dəyişikliklər edildikdən sonra peşə təhsili müəssisələrinin maliyyələşdirilməsi nəticələrə əsaslanan maliyyələşmə sistemi üzrə həyata keçiriləcək.

Strateji Yol Xəritəsində göstərilib ki, bu maliyyələşmə sistemi iki hissədən – baza komponenti və icra göstəricilərinə əsaslanan ödəniş komponentindən ibarət olacaq. Baza komponenti hər bir peşə təhsili müəssisəsinə vaxt, material və digər əsas məsrəflər üzrə ödənişlərin həyata keçirilməsini nəzərdə tutur. İcra göstəricilərinə əsaslanan ödəniş komponenti müəyyən olunan əsas fəaliyyət göstəriciləri yüksək olan peşə təhsili müəssisələrinə keyfiyyət göstəricilərinin daha da artırılmasını təmin etmək məqsədilə yaradılacaq peşə təhsilinin inkişafı fondunda toplanan maliyyə vəsaitləri hesabına, həmçinin dövlət tərəfindən əlavə maliyyə dəstəyi vasitəsilə təmin ediləcək. Bu maliyyə vəsaitləri yüksək fəaliyyət göstəricilərinə malik müəllim-pedaqoji heyətin əməkhaqlarının, şagirdlərin təqaüdlərinin və digər zəruri xərclərin qarşılanmasına sərf olunacaq.

Bundan başqa, əsas fəaliyyət göstəriciləri üzrə məlumatların məqsədəuyğun şəkildə toplanmasını və təhlilini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən məlumat bazasının yaradılmasına başlanacaq. Paralel olaraq, peşə təhsili müəssisələrindən toplanmış məlumatların dəqiqliyini yoxlamaq üçün xüsusi yoxlama proseduru müəyyən ediləcək. Toplanmış məlumatlara əsasən, Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin reytinqlərini müəyyən etmək üçün müvafiq mexanizm işləyib hazırlayacaq və bu mexanizm reytinqi aşağı olan peşə təhsili müəssisələrini müəyyən etməklə, onlar üçün müvafiq dəstək mexanizmləri hazırlamağa imkan verəcək. Maliyyələşmə əsas fəaliyyət göstəriciləri əsasında peşə təhsili müəssisələrinin reytinqlərinə uyğun həyata keçiriləcək. Təhsil Nazirliyi nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin davamlı monitorinqini həyata keçirəcək. Nəhayət, Təhsil Nazirliyi bu tədbir çərçivəsində görülmüş işlərin nəticələrinə dair məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı müvafiq tədbirlər görəcək.

Yeni mexanizmlərin tətbiqi nəticəsində pilot peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin əməkhaqlarının iki dəfəyədək artırılması proqnozlaşdırılır.