XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 18:46

Hakimliyə namizədlərdən 126-sışifahi imtahanları keçib

hakim-Baki

Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin mütərəqqi və şəffaf prosedurlar əsasında seçimi davam edir. Cari ildə keçirilmiş test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 176 namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən ötən ayın 16-dan başlayaraq bir ay ərzində şifahi imtahanlar keçirilib.

Hakimlərin Seçki Komitəsindən bildiriblər ki, açıq və şəffaf qaydada, beynəlxalq və yerli təşkilatlardan olan müşahidəçilərin iştirakı ilə keçirilən imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair beş sual verilib. Namizədlərin hər biri yarım saat ərzində bu sualları cavablandırıblar.

Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və namizədlər tərəfindən sərbəst cavablandırılıb. Suallar onların bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün müəyyən olunmasına imkan verib.

İmtahanları gündəlik izləyən müşahidəçilər prosesin şəffaf və obyektiv keçirildiyini, namizədlərin biliyinin müəyyən edilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıblar.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 126 nəfər uzunmüddətli tədris kurslarına buraxılıblar.

Bir il müddətində davam edəcək həmin kurslarda namizədlərin hakim vəzifəsinə hazırlanmaları təmin ediləcək, onlara məhkəmədə işin səmərəli təşkili, məhkəmə etikası, insan haqları, korrupsiya ilə mübarizə və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər məhkəmələrdə staj keçəcəklər və onların xarici dövlətlərdə, habelə Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənmələri nəzərdə tutulur.

Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (www.jlc.gov.az) yerləşdirilib.