XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 11:54

Torpaq sürüşməsi ilə bağlıtədqiqatlar aparılır

Azərbaycanda sürüşmə zonaları əsasən Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında, Kiçik Qafqazın şimal-şərqində, Naxçıvan Muxtar Respublikasının və Talış dağlarının aşağı və orta hissələrində, iri çay hövzələrində yayılıb.

Torpaq sürüşməsi Azərbaycanın 400-500 metr mütləq yüksəkliyindən başlayaraq orta dağlığın yuxarı hissəsinədək, həmçinin Xəzər dənizi sahili boyunca da inkişaf edib. Sürüşmə zonaları respublika ərazisinin alçaq və orta dağlıq qurşaqlarında əhalinin məskunlaşdığı və təsərrüfatların inkişaf etdiyi çay hövzələrində, avtomobil yollarının kənarlarında daha geniş yayılıb. Bu hövzələrdə sürüşmə prosesinin inkişaf etməsinə ərazinin geoloji-litoloji quruluşu, relyefi, iqlimi, hidroloji şəraiti və qismən də torpaq-bitki örtüyü, insanların fəaliyyəti mühüm təsir göstərib.

Bu barədə Azərtac-a Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev məlumat verib.

Alim qeyd edib ki, Azərbaycanın 300-dən çox yaşayış məntəqəsi və yüzlərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi altında fəaliyyət göstərir.

Ərazidə yükləmənin çox olması və belə sahələrdə getdikcə müvazinət halının pozulması sürüşmə prosesini yaradan əsas təbii amillərdəndir. Torpaq sürüşməsi qeyd olunan ərazilərin meylliliyinin əsasən 15–20 dərəcədən yuxarı olması və buradakı süxurların tərkibinin gillərdən, gilli şistlərdən və laylı qumdaşlarından ibarət olması ilə əlaqədardır. Bu prosesə ərazinin nəmlənməsi və yağıntıların normadan artıq olması, seysmiklik və ərazinin təbii–geoloji, geomorfoloji və hidroloji xüsusiyyətlərində baş verən dəyişikliklər aiddir.

N.Paşayevin tədqiqatlarına görə, sürüşmə prosesi dikliyi 15 dərəcə və ondan yuxarı olan istənilən enişdə baş verə bilir. Buna Abşeron iqtisadi rayonu ərazisindəki gilli süxurların geniş yayıldığı sahələrdə 2000-2014-cü illərdə və ondan əvvəlki dövrlərdə baş vermiş sürüşmələri misal göstərmək olar. Burada sürüşmə prosesi, hətta dikliyi 5-7 dərəcə olan sahələrdə də inkişaf edib. Bunun üçün sadəcə olaraq süxurların rütubətlə doyması bəs edir. Lakin, Azərbaycanın Dağlıq Şirvan, Quba – Xaçmaz, Naxçıvan Muxtar Respublikası, Lənkəran-Astara və Şəki–Zaqatala iqtisadi rayonları ərazisində sürüşmə zonalarının təxminən 70 faizi meyilliyi 15-25 dərəcə olan eniş sahələrdə yayılıb. Respublikada sürüşmə prosesinin fəallığı əsasən yaz, yay aylarına təsadüf edir. Lakin bəzən bu qanunauyğunluq pozulur və bu proses başqa fəsillərdə də baş verir. Respublika ərazisinə 2016-cı ilin yaz və payız aylarında normadan artıq düşən yağıntıdan sonra sürüşmə prosesi xeyli intensivləşib.

Alim son illərdə bəzi sürüşmələrin yaranmasında təbii amillərlə yanaşı, antropogen amillərin rolunun daha böyük olduğunu bildirib. Burada yol və digər kommunikasiya xətlərinin çəkilişi zamanı yamacların düzgün kəsilməməsi və təbii landşaftın ümumi qanunauyğunluqlarının pozulması, ərazidə əhalinin məskunlaşmasının artması, mal–qaranın normadan artıq otarılması, meşə massivlərinin və kolluqların kütləvi surətdə məhv edilməsi, meyililiyi 10-15 dərəcədən yuxarı olan ərazilərin əkinə cəlb edilməsi, əhali məskunlaşmasında və şəhər təsərrüfatının salınmasında, suvarma və kommunikasiya sistemlərinin, nəqliyyat yollarının çəkilişində dağətəyi və meyilliyi yüksək olan sahələrdə ümumi təbii–coğrafi xüsusiyyətlərin nəzərə alınmaması sürüşmə səhələrinin əmələ gəlməsini və yayılmasını sürətləndirən başlıca amillərdir.