Banklar manatla kredit verməkdən imtina edir

Qiymətlərin tənzimlənməsinin, dollarla götürülən borcların taleyi hələ də aydınlaşmayıb
Mərkəzi Bankın məlumatına görə, fevralın 27-də 1 ABŞ dollarının rəsmi məzənnəsi bir gündə azalaraq 1,0501-dən 1,0498-ə düşüb. Avronun məzənnəsində də azalma qeydə alınıb. Belə ki, 1 avro bir gündə 1,1942-dən 1,1771-ə düşüb. Rusiya rublunun kursunda isə artım qeydə alınıb. ötən gün 0,0171 olan 1 rublun məzənnəsi bu gün 0,0172-yə yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1,19 AZN səviyyəsində müəyyən edilmişdi.
ölkə banklarının bir qismi isə neçə gündür ki, manatla kredit ayrılmasını dayandırıb. Söhbət əsasən kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan banklardan gedir. Banklar manatdan imtina etmələrini son günlər milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər.
Qeyd edək ki, hələ də ölkə banklarından devalvasiyaya qədər xarici valyutada kredit götürənlərin indi borclarını hansı məzənnə ilə ödəyəcəyi aydınlaşmayıb. Digər tərəfdən, bundan sonra ölkəyə baha qiymətə gətiriləcək istehlak mallarının qiymətinin əvvəlki səviyyədə necə saxlanacağı da suallar doğurur.
Xarici ölkələrin təcrübəsi göstərir ki, belə məsələləri inzibati metodlarla tənzimləmək lazımi effekti vermir. Ekspertlər bildirirlər ki, dollarla götürülən kreditlər üçün güzəşt olmalıdır. Burada Rusiya təcrübəsi önə çəkilir. Belə ki, rublun iki dəfəyə qədər devalvasiyası nəticəsində belə müştərilər 2 dəfə çox vəsait ödəməli olacaqdılar. Bu vəziyyətdə Rusiya Mərkəzi Bankı güzəştli variant təklif etdi. Bank tövsiyə verdi ki, əhalinin xarici valyutada olan ipoteka kreditləri hazırki məzənnə ilə deyil, 3 ay əvvəlki məzənnə ilə qəbul edilsin.

Almaniyalı professor Vilfrid Furman isə “Vestnik Kafkaza” saytına müsahibəsində bildirib ki, Azərbaycan manatının devalvasiyası gözlənilən idi. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı fevralın 21-də 1,05 AZN/$ və 1,195 AZN/İ müvafiq olaraq mübadilə kursu təyin edib. ABŞ dolları və avro haqqında manatın məzənnəsi 34% və 33,8% düşüb. “Azərbaycan manatının qiymətsizləşdirilməsi müxtəlif səbəblərə görə gözlənilən idi. çünki manat ticarət valyutasıdır, onun dəyərini neft və qaz ixracından daxilolmalar təyin edir. İxracdan gəlirin təqribən 95 faizi energetika sektorunun payına düşür. Neftin dünya bazarında qiymətdən kəskin düşməsi nəticəsində valyuta daxil olmalarının həcmi azaldı. Bu, yalnız Azərbaycanın ixrac gəlirlərini azaltmadı, həm də ölkənin əhəmiyyətli dərəcədə büdcə defisiti yaratdı. Yaxın gələcəkdə isə neftin qiymətində əhəmiyyətli artım gözlənilmir”,- deyə professor vurğulayıb. O bildirib ki, prinsip etibarilə, neftin qiymətinin düşməsindən Rusiya, Qazaxıstan, Türkmənistan, Venesuela və sair neft və qaz ixracatçısı ölkələrin iqtisadiyyatı əziyyət çəkir. Bu ölkələrin valyutaları ucuzlaşıb və ya ucuzlaşır. Azərbaycan da istisna təşkil etməyib. Bu beynəlxalq trendləri nəzərə alaraq manatın məzənnəsinin düşməsi gözlənilən idi. Kim ki, Azərbaycan valyuta kursunun düşməsindən istifadə edib manatı dollara dəyişdi, o qazandı. Ancaq əhalinin çox hissəsi uduzdu.
Professor qeyd edib ki, manatın ucuzlaşdırılması əhəmiyyətli siyasi hədəfdir: “çünki valyutanın ucuzlaşdırılması transformasiya üçün iqtisadi-siyasi alətdir. Buna qarşı mütləq diversifikasiyalı iqtisadiyyat yaratmaq lazımdır. Milli məzənnənin ucuzlaşdırılması ixraca şərait yaradır və eyni zamanda idxala yüklənməni gücləndirir. Ekspertin fikrincə, manatın ucuzlaşmasının mənfi təsirləri çoxdur. Belə ki, idxal edilən malların qiyməti qalxır, alıcılıq qabiliyyəti enir, bununla, insanların yaşayış standartları aşağı düşür. Belə addımlarda sosial ölçülər nəzərdən qaçırılarsa, sosial gərginliyə gətirib çıxara bilər”.