XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2016 - 22:09

Yaqub Mahmudov Mikayıl Cabbarovu “vurdu”, həmkarına dəstək verdi:"Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırıb"

yaqub-mahmud

Həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin – “Azərbaycan tarixi” və “Qarabağ tarixi” dərsliklərinin olması doğru deyildir.

Bu barədə AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.

O bildirib ki, bu məsələ onu təəccübləndirib:

“Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum “Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin “Azərbaycan tarixi” dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunmuşdur.

Aydınlaşdırdım ki, bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kurs təşkil olunmuşdur. Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə – Azərbaycan və rus dillərində “Qarabağ tarixi” adlı tədris vəsaiti yazılmışdır. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməmiş və institutun Elmi Şurasında təsdiq olunmamışdır.

Fikrimcə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır.

Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur.

Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil".

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Siyavuş Novruzov orta məktəblərin rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixinin ayrıca tədrisinə etirazını bildirib.

Axar.az