Pravoslav xristianlar yanvarın 7-də xristianların başlıca bayramlarından birini – İsa Məsihin mövludu gününü (Milad bayramı) qeyd edirlər.
Böyük bayram bir gün əvvəl – yanvarın 6-da qeyd olunan Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına güclü hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov – şam yanır. Müqəddəs gecənin ən başlıca yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma başqa üyüdülməmiş yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya meyvə şərbətindən istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.
Deyilənə görə, Milad bayramında evdən darçın və vanil ətri gəlməlidir. Yəni bayram bişmişi olmadan Milad bayramını təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda Milad bayramında daha bir ənənəyə riayət edirdilər: yalnız təzə libaslar geyinirdilər.
Qədim adətə görə, Milad gecəsində ən ümdə arzunu tutmaq lazımdır, onda bu arzu mütləq həyata keçir. Qədim inanclara görə, məhz bu gecədə su, təbiətin özü və hava sanki sehrlə dolaraq, bu arzuların həyata keçməsinə kömək edir. Milad ənənələrinə görə, bayram günlərində insanlar vaxtlarını şən keçirməli, kədərdən uzaq olmalı, həyatdan zövq almalıdırlar.
Azərbaycanda hər il pravoslav xristian icması Milad bayramını qeyd edir. Təsadüfi deyildir ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Dünya dinləri əsrlər boyu bizim torpağımızda dinc yanaşı mövcud olaraq, insanlar arasında dostluq və qardaşlıq körpüsü salınmasında misilsiz rol oynayıb. Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, Azərbaycan xristianları da cəmiyyətimizin tamhüquqlu üzvləri olub, onun həyatında fəal rol oynayırlar. Ölkədə bir neçə pravoslav kilsəsi var.
Azərbaycan Prezidenti İlham Əliyev hər il Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edir.
Yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət rəmzi olan bu bayram ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.
Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün Milad bayramı münasibətilə xeyriyyə yolka şənliyi təşkil ediləcək. Elə həmin gün “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyəti Birliyində Milad bayramına həsr olunmuş konsert olacaq(azərtac).