“Sosial mənzillərin inşası çox düzgün və alternativi olmayan qərar oldu”.
Bunu Sherg.az-a sosial mənzillərin inşasından danışarkən, iqtisadçı-deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, sosial mənzillərin inşası yeni iş yerlərinin açılmasına, inşaat sahəsinin inkişafına şərait yaradacaq: "Azərbaycanda mənzil təminatı və inşaat sahəsinin inkişafı ilə əlaqədar sosial evlərin tikintisinə başlanıb. Mənzil problemi Azərbaycanda ciddi olduğu üçün, belə böhran vəziyyətlərində tikinti sahəsi inkişaf etdirilir. Hazırda 2 min mənzilli 29 binadan ibarət kompleks tikilir. Böyük bir şəhərcik olduğundan orada hər cür şərait yaradılacaq və ilin sonuna onun istifadəyə verilməsi üçün çalışılacaq. Gələcəkdə bu layihənin davam etdirilməsi nəzərdə tutulur. Rayonlarda da həyata keçirilməsi üçün aidiyyatı rayon icra hakimiyyəti orqanları müəyyən yerlər ayırırlar ki, bu baş tutsun”.
V. Əhmədov mənzillərin əhaliyə verilmə şərtlərindən də danışıb. Deputat bildirib ki, mənzillərin əhaliyə hansı şərtlərlə verilməsi hələlik açıqlanmır: "Güman edirəm ki, may ayından başlayaraq bununla bağlı qərarlar müəyyən ediləcək. İstərdim ki, həmin mənzilləri alan aztəminatlı ailələr ayda 90-100 manat ödəməklə 25-30 il müddətinə bu mənzillərə sahib olsunlar. Ümumi olaraq, sosial mənzillər orta və aşağı təbəqə üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağı söyləyib.