XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 15:18

Azərbaycanda qan pullaalına və ya satıla bilərmi?

“Bu günədək Mərkəzi Qan Bankına pulla qan verən olmayıb". 

Bunu “Report”a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib. 
Onun sözlərinə görə, Azərbaycanda donorluq da pulsuzdur: "Əgər donor qan verirsə, qarşılığında heç nə almır. Bu hal yalnız özəl xəstəxanalarda ola bilər. Ancaq dövlət tibb müəssisələrinə verilən qan pulsuzdur. Əgər kimsə qanın alqısı-satqısı ilə məşğul olursa, bunun bizə heç bir aidiyyəti yoxdur. Yaxud da kimsə kənardan donora pul verib gətirə bilər. Bu da tamam başqa məsələdir. Təbii ki, pul qarşılığında qan verən şəxs öz xəstəliklərini gizlədə bilər. Ancaq təmənnasız donorun məqsədi təmiz olur və hansısa xəstəliyini gizlətmir”.

Z.Əlmirzəyeva bildirib ki, hazırda 62 rayonda həkim briqadaları fəaliyyət göstərir: “Mütəmadi şəkildə qanvermə aksiyaları təşkil olunur və qan yığılır. Həmin qanların çox hissəsi də talassemiyadan əziyyət çəkən insanlara vurulur. Çünki onlara ayda iki-üç dəfə qan vurmaq lazımdır. Xəstəxanalarda isə qan vermək üçün donor lazım olduğu bildirilir. Buna səbəb qan ehtiyatının daim yenilənməsidir. Çünki qanın saxlanma müddəti 30 və ya 42 gündür. Mərkəzi Qan Bankının qan ehtiyatı da kifayət qədərdir. Aprel hadisələrində qan lazım olanda həmin ehtiyat qanlarından istifadə olunub. Buna baxmayaraq, insanlar çağırış və müraciətlər olmadan könüllü şəkildə qan verirdilər”.

İnstitut direktoru vurğulayıb ki, şəkərli diabet, qan azlığından əziyyət çəkən insanlar qan verə bilməzlər: "Çünki donor sağlam insan olmalıdır. Bir insanın qanı 2-3 nəfərə kömək edə bilər. Bütün dünyada olduğu kimi, qanın tərkibi qəbul olunmuş standartlara görə yoxlanılır. Bunun üçün ilk növbədə hemoqlabin yoxlanılır. Əgər hemoqlabinin səviyyəsi aşağıdırsa, həmin şəxsdən qan götürülmür. Bizdə 20-dən yuxarı sual qeyd olunmuş sorğu vərəqəsi var. Bütün prosedurlar keçildikdən sonra qan götürülə bilər. Hətta xəstə pirsinq, tatu, yaxud xırda əhəmiyyətsiz əməliyyat keçiribsə, həmin şəxs donor ola bilməz. Eyni zamanda, iki-üç ay əvvəl xaricdə səfərdə olan şəxsdən də qan alınmır. Bu qanın təhlükəsizliyi üçün atılan addımlardır. Bundan başqa, qanında hansısa xəstəlik çıxan insanın adı “qara siyahı”ya salınır və həmin şəxs heç vaxt donor ola bilməz. Təbii ki, xəstə insanların statistikasını demək çətindir. Çünki bütün işlər anonim şəkildə aparılır. Sadəcə, xəstələrə bu barədə məlumat verilir. Keçən il Aşurada qan verən insanların 200-də müxtəlif xəstəliklər aşkar olunmuşdu”.

Z.Əlmirzəyeva hər donordan maksimum 400 ml qan götürüldüyünü də xatırladıb: "Bu, insan sağlamlığı üçün heç bir mənfi təsir göstərmir və orqanizm 8 saatdan sonra bunu bərpa edir. Bir ay ərzində isə qan kürəciklərinin hamısı tam bərpa olunur. Qadınlar il ərzində 4 dəfə, kişilər isə 5 dəfə donorluq edə bilər. Mütəmadi şəkildə donorluq edən şəxslərdə ürək qan-damar xəstəlikləri, hipertoniya və digər xəstəliklərin rast gəlmə riskləri digərlərinə nisbətən 5-10 dəfə aşağı olur. Əgər artıq çəkili insanın endokrinoloji problemi və ya piylənməsi olarsa, həmin insan donorluqdan kənarlaşıdırıla bilər. Amma həmin şəxs sağlamdırsa və qanın göstəriciləri normaldırsa, artıq çəkinin donor olmağa hanısa maneçiliyi yoxdur. Donorluq edən insanlara hansısa sertifikat verilmir. Sadəcə, donorluq edən şəxsə həmin günü işə getməmək üçün icazə verilir”.

Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına donor kimi 44 393 nəfər qan verib. 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə donor sayı 76 692 nəfər, tədarük edilən qanın miqdarı isə 36 368.9 litr olur.