XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 12:51

Bu 8 adamın sərvəti dünya əhalisinin yarısının var-dövlətinəbərabərdir –SİYAHI

varli

 

Cəmi 8 adamın sərvəti dünyanın qalan əhalisinin yarısının var-dövlətinə bərabərdir. Bu isə varlılarla kasıblar arasındakı fərqin həmişəkindən çox artdığını, gözlənildiyindən də qorxulu dərəcədə böyük olduğunu göstərir.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bu barədə «Oxfam» beynəlxalq xeyriyyə cəmiyyətinin yeni hesabatında deyilir. Hesabat müəlliflərinin fikrincə, varlıların bu qədər varlanmasının qarşısı alınmalıdır, yoxsa iqtisadi bərabərsizlik cəmiyyəti parçalayacaq təhlükəyə çevrilə bilər.

60 İDİLƏR, 8 OLUBLAR

BBC «Oxfam»ın hesabatının Davosda keçirilən Dünya İqtisadi Forumuyla – siyasi liderlərin və dünyanın ən varlı adamlarının toplandığı forumla eyni vaxta düşdüyünü qeyd edir. Bu hesabatın siyasi və iqtisadi elitanı tərpətməkdən ötrü vasitə olduğunu yazır.

«Davos Forumunun dünya elitası üçün məşvərət orqanından başqa bir şey olmasıyla bağlı illüziyalarımız yoxdur, amma biz bu məsələdən yararlanmağa, diqqəti yönəltməyə çalışırıq». Bunu «Oxfam» təşkilatının xarici məsələlər üzrə direktoru Keyt Vriqt deyib.

2016-cı ilin hesabatında sərvəti dünya əhalisinin yarısının varına bərabər olanların sayı 60-dan çox idi. İndi, hesabat müəlliflərinin dediyinə görə, bilgilərin toplanması işi asanlaşdığından varlılar haqqında daha dəqiq məlumat əldə edilib, onların sayının 8-ə düşdüyü müəyyən olunub. Bu isə var-dövlətin getdikcə daha çox bir tərəfə yönəlməsinin, iqtisadi bərabərsizliyin güclənməsinin əlamətidir. K.Vriqtın sözlərinə görə, məhz iqtisadi bərabərsizlik dünya siyasətində qütbləşməyə səbəb olub. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gözlənilməz qələbəsini də, «Brexit» (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) məsələsini də bununla bağlayıb.

DÜNYA ƏDALƏT İSTƏYİR

«Oxfam»ın hesabatında insanların orta əməkhaqqı uğrunda gecə-gündüz çalışdığı halda, varlıların öz varlarını 2009-cu ildən bəri 11% artırdığı vurğulanır.

K.Vrit deyir ki, iqtisadi bərabərsizlik insanları qəzəbləndirir, onlar nə qədər işləsələr də, ölkələrinin sərvətindən pay ala bilmir, özlərini atılmış kimi hiss edir və alternativ istəyirlər.

Britaniyalı iqtisadçı-ekspert Gerard Lyons BBC-yə müsahibəsində bildirib ki, təşkilatın diqqəti öz var-dövlətini artırmaqla bərabərsizliyə səbəb olan biznes modeliylə məşğul şəxslərə çəkməsi doğru addımdır.

Varlıların adlarını və onların sərvətinin həcmi barədə məlumatı «Forbes» dərgisi yayıb. Jurnalın araşdırmalarına görə, dünyanın ən zəngin 8 adamı aşağıdakılardır.

1. «Microsoft»un yaradıcılarından olan Bill Geyts (ABŞ) – sərvəti 75 milyard dollar

2. «Zara»nın sahibi «Inditex»in yaradıcısı Amankio Ortega (İspaniya) – 67 milyard dollar

3. «Berkshire Hathaway»də ən çox pay sahibi Uorren Buffett (ABŞ) – 60.8 milyard dollar

4. «Grupo Carso»nun sahibi Karlos Slim Helu (Meksika) – varı 50 milyard dollar

5. «Amazon»un sahibi və rəhbəri Ceff Bezos (ABŞ) –45.2 milyard dollar

6. «Facebook»un yaradıcılarından biri və rəhbəri Mark Zukerberq (ABŞ) – 44.6 milyard dollar

7. «Oracle»ın yaradıcılarından biri və rəhbəri Larri Ellison (ABŞ) – 43.6 milyard dollar

8. «Bloomberg LP»nin sahibi Maykl Blumberg (ABŞ) – 40 milyard

Bu səkkiz adamın sərvəti 426 milyard dollara bərabərdir ki, bununla da dünya əhalisinin yarısını dolandırmaq olar.

«DAHA ÇOX VERGİ VERSİNLƏR»

«Reuters» informasiya agentliyi iqtisadi bərabərsizliyin son illər gündəmə tez-tez gətirildiyini, Beynəlxalq Valyuta Fondunun, Roma Papasının da bu məsələyə toxunduğunu vurğulayır. Papa məhz bərabərsizliyin aqressiv nəticələrlə sonuclandığını, elitadan narazılığın populist siyasətə təkan verdiyini söyləmişdi.

«Oxfam» beynəlxalq xeyriyyə təşkilatı insanlar arasında iqtisadi bərabərsizliyin «kobud» həddə yüksəldiyini deyib, hökumətləri tədbir görməyə, vergidən yayınmayla, rəhbər şəxslərin maaşları və vergiləriylə bağlı qaydalara düzəlişlər etməyə, varlılardan daha çox vergi almağa çağırıb: «Milyarderlər öz pullarından pay versəydilər, yaxşı olardı. Amma iqtisadi bərabərsizlik yaxşı deyil. Milyarderlərin öz köməkçiləri, ya da təmizlik işçiləri qədər vergi verdiyi sistemdə yaşamağı qəbul etmək olmaz». «Oxfam» təşkilatının siyasi idarəsinin başçısı Maks Lauson belə deyib.

Təşkilat iri biznes liderlərini vergi ödəyərkən ədalətli olmağa, şirkətləri isə işçilərə «həyat minimumu»ndan artıq pul verməməyə səsləyib.