XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 12:01

“Azəriqaz”:"Məcburi köçkünlərin yaşayış yerlərində qaz sayğacları quraşdırılacaq"

Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yaşayış yerlərində qaz sayğaclarının quraşdırılmasına yaxın zamanlarda başlanılacaq.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, bu tapşırıq Azərbaycan Prezidentinin məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin verilməsi barədə fərmanı əsasında həyata keçirilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin edəcək.