XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 14:05

“İcra başçıları ilə bağlı vəziyyət acınacaqlıdır” –Rayon rəhbərlərinin sosial şəbəkə qorxusu

160224155739_facebook_624x351_ap_nocredit

Bəziləri sosial şəbəkələrdən istifadəyə anormallıq prizmasından yanaşır, bunu vaxt itkisi, hətta avaralıq hesab edir. Hətta "filankəs "Facebook"dan istifadə edirsə, deməli, onun əxlaqı…” kimi düşüncəsində olanlar da var.

Əminəm ki, bu cür halla hər birimiz qarşılaşmışıq. Sosial medianın istifadə mexanizmini müəyyənləşdirməkdə çətinlik çəkənlər üçün bu virtual məkan tanışlıq xarakteri daşıyır. Təəssüf ki, bəzi kasad düşüncəli adamlar bu dar çərçivəni aşmaqda da maraqlı deyil.

Məsələ bununla da bitmir. İnsanların öz bizneslərini, marketinq maraqlarını "Facebook"la həyata keçirdikəri bir vaxtda, hələ də bəzi məmurlar üçün "informasiya qapısı” bağlıdır.

Bu gün bəzi dövlət qulluqçuları, nazirliklər, iqtisadi, siyasi, mədəni sahədə xidmət göstərənlər vətəndaşlarla sosial media üzərindən təmasa girərək problemləri yoluna qoyurlar.

 

Bölgələrdə vətəndaşların problemlərini həll edən icra başçıları isə "Facebook", "Instagram", "Twitter" sosial şəbəkələrinin nə demək olduğunu belə, bilmirlər. Görünən odur ki, heç öyrənməyə də maraqlı deyillər.

Maraqlıdır, icra başçılarının sosial mediadan istifadə etməməsinin səbəbləri nədir? Yoxsa icra başçılarının sosial mediayaya ehtiyacı yoxdur?!

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında icra başçılarının da sosial mediadan yararlanmaq hüququnun olduğunu deyib?

 "İcra başçıları ilə bağlı vəziyyət acınacaqlıdır”

"Düşünürəm ki, icra başçıları sosial şəbəkələrdən istifadə etməkdə maraqlı olmalıdırlar. Şəffaf və çevik idarəetmədə, vətəndaşlarla ünsiyyətdə maraqlı olan istənilən vəzifə sahibi, o cümlədən icra başçıları bundan səmərəli istifadə etməlidirlər. İstifadənin reytinqinə, əmsalına baxsanız,  görərsiniz ki, onlarda bu hədsiz dərəcədə aşağıdır. Paytaxtda yerləşən nazirliklərdə xeyli sayda sosial mediadan istifadə edənlər var. Amma bölgələrdə fəaliyyət göstərən icra başçıları ilə bağlı eyni halı demək olmayacaq.

İcra başçıları nəinki sosial mediada yoxdurlar, hətta regionlarda digital, rəqəmsal, elektron  hökumət quruculuğu və icra hakimiyyətlərinin saytları ilə bağlı vəziyyət hədsiz acınacaqlıdır”. 

"İcra başçılarının informasiya bacarıqları yoxdur”

İcra başçılarının "Facebook" sosial şəbəkəsindən istifadə etməməsinin səbəblərinə gəlincə, müxtəlif səbəblər var. "Birincisi sosial şəbəkələr şəffaflığı, açıqlığı tələb edən mühitdir. İcra başçıları da vətəndaşlarla  müəyyən əlaqəyə girməli, sorğulara cavab verməlidir. Düşünürəm ki, səbəb o ola bilər ki, açıq və şəffaf mühitdən bir qədər ehtiyat edirlər. 

Arzuolunmaz suallardan sığortalanmaq məsələsi də var. İkincisi o ola bilər ki, icra başçılarının informasiya bacarıqları yoxdur. Düşünürəm ki, bu, ayıb məsələ deyil. Müvafiq qurumlar bununla bağlı təlimlər keçirə, köməklik göstərə bilərlər. İstənilən halda icra başçılarının sosial mediaya inteqrasiyası doğru olardı”, – deyə Osman Gündüz bildirib. 

"Bir-birinin nüsxəsidir”

Osman Gündüz icra başçılarının rəsmi internet saytlarının bərbad vəziyyətdə olduğuna xüsusi diqqət çəkib:

"İcra başçısı yaxşı olar ki, özünün rəhbərlik etdiyi rəsmi qurumun internet saytını qaydaya salsın. Bölgədəki icra hakimiyyətlərinin rəsmi internet saytları bir-birinin kopyasıdır. Saytların içində heç nə yoxdur. Düşünürəm ki, regionlarda elektron hökumət quruculuğu məsələsini gündəmə  gətirmək lazımdır. 

Bakıda bu sahədə müəyyən uğurlar əldə edilib. Bu sahədə inkişaf yüksəkdir. Regionlarda bu aşağıdır. Azərbaycanda sanki yeni bir problem gündəmə gəlir. Bakı ilə bölgələr arasında "rəqəmsal bərabərsizlik” yaranıb. Deyək ki Bakıda sosial mediada internetdən xidməti əldə etmək istəyən isti ocağın qırağında rahat şəkildə əldə edə bilər, amma bölgələrdə bu mümkünsüzdür. Belə  bir bərabərsizlik yaranır. Bu da çox təhlükləlidir”.

"Elektron xidmətdə problemlər var”

Müsahibimiz bölgələrdəki eletron xidmətlərdən də danışıb:

"Hökumətin regionlarda informasiya cəmiyyəti, elektron hökumət quruculuğunda icra hakimiyyətinin göstərdiyi xidmətlərin elektrona çevrilməsinə xüsusi diqqət yetirilməlidir. Burada ciddi  problemlər var.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyir ki, regionda elektron hökumət quruculuğu ilə bağlı bəlli bir proqraml var. Xidmətlərin böyük əksəriyyətini elektrona çeviriblər. 

 Təsəvvür edin, reyestrda icra hakimiyyətlərində hələ də icra hakimiyyətinin göstərdiyi 30-40-a qədər bəlli xidmət var. Bu xidmətlər göstərilsə də, heç biri elektron xidmətdə yoxdur. Nazirlik deyir ki, onlar bunun bir modelini yaradıblar. Realda vəziyyət başqa cürdür. Gərək hökumət özü məsələni gündəmə gətirsin. Güman ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyirsə ki, bu platforma var, işlənib. Bu ciddi fikirdir. Bunun reallaşdırılması lazımdır”.