XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 10:42

Azərbaycanda ov tüfəngi gəzdirməyə cəmi 4000 nəfərin icazəsi var –Nazirlik

ovcu

Azərbaycanda ovçuluqla məşğul olan şəxslərə necə nəzarət olunur və hansı şəxslərə bunun üçün icazə verilir?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə ovçuluqla məşğul olan şəxslərə nəzarət və il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Bildirib ki, 2004-cü il aprelin 24-də “Ovçuluq haqqında” qanun qəbul edilib. Həmin tarixdən etibarən Azərbaycan ərazisində ov məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanı kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tanınıb, ov mövsümünün açılması, bağlanması, ovçuluq biletinin verilməsi, ovçuluq təsərrüfatlarının idarə olunması nazirliyə tapşırılıb.

H.Əlizadə qeyd edib ki, ovçuluqla məşğul olan şəxs ilk növbədə "Ovçuluq bileti" almalıdır:

 

“Bundan başqa, həmin ovçu əgər ovla məşğul olmaq istəyirsə, həmin dövr üçün bank vasitəsilə müəyyən olunmuş rüsumu ödəməklə ov icazəsi almalıdır. "Ovçuluq bileti"ni, həmçinin 2010-cu ildən etibarən Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqı verə bilir. "Ovçuluq bileti" almaq üçün şəxs nazirliyə müraciət edir, şəxsiyyəti təsdiq edən sənəd, fotoşəkil və ona məxsus ov silahının alınması barədə sənədlər notarial qaydada təsdiqlənmiş formada təqdim edilir və bundan sonra həmin şəxs ovçuluqdan imtahan verir. İmtahan ayda bir dəfə nazirlikdə test üsulu ilə keçirilir. Silahla davranış qaydaları yoxlanılır, imtahandan minimum bal toplayan şəxsə "Ovçuluq bileti" verilir. İmtahana hansı növ heyvana atəş açmaq olar, hansı növ heyvan “Qırmızı kitab”a düşüb və s. bu kimi suallar salınır”.

H.Əlizadə bildirir ki, "Ovçuluq bileti" almasına baxmayaraq, həmin şəxsə istədiyi vaxt istədiyi heyvana atəş açmaq səlahiyyəti verilmir. Bunun üçün də ovçu xüsusi razılıq almalıdır: “Ov mövsümünə hazırlaşan şəxs hansı heyvan növünü ovlamaq istəyirsə, bunun üçün nazirliyə və ya əlaqədar rayon şöbələrinə müraciət etməlidir. Hər heyvanı ovlamanın da ayrıca rüsumu var. Həmin rüsumlar ödənildikdən sonra ovçu ov etməyə icazə alır. Nazirlər Kabinetinin 2004-cü il tarixli qərarı ilə hər bir ov heyvanının vurulması üçün rüsum müəyyənləşdirilib. Bu, hər bir heyvanın vurulması zamanı təbiətə dəymiş ziyanın məbləğidir. Bu məbləğ quşlar üçün 1 manatdan 4 manata qədər dəyişir. Digər vəhşi heyvanlarla bağlı isə daha yüksək məbləğ müəyyən edilib. Bununla yanaşı, həmin heyvanların qanunsuz ovlanması üçün də cərimələr tətbiq edilib. Bizə müraciətlər daxil olur ki, ov mövsümü olmasına baxmayaraq, hansısa bir yerli şöbədə ov üçün lisenziya vermirlər. Bildirirəm ki, ov mövsümü hər il iyun ayından başlayır, mart ayında başa çatır. Ov mövsümünün vaxtının müəyyən edilməsində məqsəd isə vəhşi heyvanların, quşların çoxalması, balalaması amillərini nəzərə almaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Koordinasiya Şurasının rəyi əsasında hər bir heyvanın ovlanma sayı və xüsusi limit müəyyən edilir. Əgər limit başa çatıbsa, həmin heyvanları ovlamaq üçün lisenziya verilməsi dayandırılır. Əgər biz limiti artırsaq, bu həmin heyvan növünün azalmasına gətirib çıxaracaq”.

Nazirlik rəsmisi deyib ki, limit bitdikdən sonra ov edən şəxs yaxalanarsa, onun barəsində ölçü götürülür və cərimələnir: "Hazırda Azərbaycanda təxminən 4000 nəfər "Ovçuluq bileti" ilə təmin edilib. Buna baxmayaraq, ölkədə qanunsuz ov edənlər də var və bu şəxslərlə bağlı mübarizə tədbirləri davam etdirilir. Bizdə cəmi 4000-ə yaxın şəxsə "Ovçuluq bileti" verilib. Yəni qalanları qanunsuz ovla məşğuldurlar. Biz yalnız nazirlik və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən "Ovçuluq bileti" verilən şəxsləri ovçu kimi tanıyırıq”.

H.Əlizadə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ovçuluqla məşğul olan şəxslərlə mütəmadi mübarizə aparır: “Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 əcnəbi vətəndaş saxlanılıb. Saxlanılanların hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Bununla yanaşı, həmin şəxslərin ölkədən deportasiya edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunub”.

O əlavə edib ki, xarici vətəndaşlarla yanaşı, ölkə vətəndaşları da qanunsuz ovla məşğul olurlar: "Keçirilən reydlər nəticəsində saxlanılan şəxslərin ova gəlməsi sübut olunarsa, onlar 1000 manatdan 2000 manata qədər cərimələnir, əgər həmin şəxs ovla yaxalanıbsa, vurduğu heyvana görə əlavə cərimə ödəyir. 2016-cı ildə ölkədə 213 yerli vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlardan ümumilikdə 193 ov tüfəngi, 632 patron aşkar edilərək götürülüb. Həmin şəxslər ümumilikdə 193 min 317 manat cərimə edilib".

H.Əlizadənin sözlərinə görə, Azərbaycana xarici ölkələrdən, xüsusən də ərəb ölkələrindən ova gələnlər var: "Həmin şəxslər Azərbaycanda ov sahəsində fəaliyyət göstərən şirkətlərin vasitəsilə gəlir. Bu şəxslərin ov qaydalarına riayət etməsi barədə nazirliyə müraciət edən şirkətlər öhdəlik götürür və onları qaydalarla təlimatlandırır. Ötən il 200 nəfər xarici vətəndaş Azərbaycanda ov etmək üçün icazə alıb”.

Nazirlik rəsmisi ov mövsümü üçün tətbiq edilən limiti də açıqlayıb: "Ötən il yerli vətəndaşlar üçün quş ovuna 700, dovşan ovuna 580, çöl donuzu ovuna 16, Dağıstan turunun ovuna isə 10 icazə verilib. Ötən il quş, dovşan və digər heyvanların ovlanması üçün xarici vətəndaşlara verilən icazələrin sayı isə 200 olub".