XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 11:45

Torpaq istifadəsində 4900-ə yaxın qanunvericiliktələbləri pozulub

Torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Komitə tərəfindən torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı şəhəri və regionlarda aktiv monitorinqlərin və reydlərin keçirilməsi davam etdirilir. Operativ qaydada yerlərdə qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülmüş və pozuntu hallarının qarşısı alınıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, indiyədək 1100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarlarla 580 min manatdan çox cərimə tətbiq edilib. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunur, tətbiq olunmuş cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilir.

Aparılan monitorinq və torpaq reydləri nəticəsində əsasən, kənd təsərrüfatı torpaqlarının təyinatının müvafiq qanunvericiliyin tələbləri pozulmaqla məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, mülkiyyət sənədi olmadan torpaqlar üzərində tikinti-quraşdırma işlərinin aparılması, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub. Həmçinin, həyata keçirilən tədbirlər nəticəsində əvvəlki dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən torpaqların zəbt olunması, hasarlanaraq uzun illər istifadəsiz saxlanılması və birbaşa təyinatına uyğun olmayaraq başqa məqsədlərlə istifadəsi halları müəyyən edilib.

Görülən tədbirlər nəticəsində respublikanın 46 rayonu üzrə icarədə olan lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə geri qaytarılıb. Eyni zamanda, respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid elektron baza yaradılıb. Aparılan araşdırmalar nəticəsində respublikada mövcud olan özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə də məlumat bankı yaradılıb.

Komitənin gördüyü tədbirlər isə torpaq sahələrinin istifadəsiz qalması, müxtəlif ərazilərdə torpaqların heç bir əsas olmadan özbaşına zəbt edilməsi, eləcə də mühafizə zolaqlarında tikintilərin aparılmasının qarşısını alır. Həmçinin, torpaqların təyinatına uyğun istifadəsinə nəzarət, istifadəsiz torpaqların yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi isə, torpaqlardan daha çox səmərə əldə edilməsi, xüsusən də kənd təsərrüfatının inkişafına təkan verir.