XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 12:08

Sanitariya normalarına cavab verməyən məhsullarınsayı açıqlandı

Respublika Sanitariya-Karantin Müfəttişliyi ötən ilki müayinələr zamanı idxal olunan və sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən məhsulların sayını açıqlayıb.

Trend-in məlumatına görə, Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bu gün keçirdikləri mətbuat konfransında deyib ki, Müfəttişliyin laboratoriya şöbəsinin 2016-cı il ərzində sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb. Onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi – pomada, efir yağları) toksikoloji müayinələrə ğörə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib:

"Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb. Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. 2016-cı il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb".

T.Vəliyev bildirib ki, Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir.

Onun sözlərinə görə, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında məhsulla bağlı sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür:

"Nümunələr Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"də nəzərdə tutulmuş təhlükəsizlik göstəricilərinə görə müayinə edilir. Müayinələrin nəticələri bu normativlərin tələblərinə cavab verərsə, məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir. Məhsulun laborator müayinələrinin nəticələri həmin normativlərin tələblərinə cavab vermədiyi halda, müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir".

T.Vəliyev deyib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyinin elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün birgə yaratdığı Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.