XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 19:48

Kolanı kəndində yeni məktəb binası istifadəyə verildi –Vasif Talıbov açılışa qatıldı (VİDEO)

kolanı-mektebi

Naxçıvan Muxtar Respublikasında ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “İqtisadi resursların insan kapitalına çevrilməsi” prinsipi əməli iş müstəvisinə çıxarılıb. Gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər böyüməsi üçün tədbirlər görülür. Bütün yaşayış məntəqələrində yeni texnologiyalarla təchiz olunan və müasir tədris metodlarının tətbiq olunduğu məktəb binaları tikilərək istifadəyə verilir.

Fevralın 15-də Şahbuz rayonunun Kolanı kəndində yeni məktəb binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.

Kolanı kənd tam orta məktəbinin direktoru Rəqsanə Əsgərova çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq işləri sakinləri sevindirir: "Bu tədbirlərin davamı olaraq Kolanıda geniş quruculuq işlərinin aparılması kəndimizi müasir kəndlərin sırasına qoşub. Bu gün müasir məktəb binası istifadəmizə verilir. Yeni məktəb binası həm müəllimlərin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir".

Rəqsanə Əsgərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

kolanı-mekt-6

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kolanı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, əməyi olanlara təşəkkürünü bildirərək demişdir: "Bu gün Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Təhsilin inkişafı ilə bağlı qanunlar, dövlət proqramları qəbul olunaraq icra edilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Təhsil sisteminin inkişafında orta məktəblərə qayğı xüsusi yer tutmalıdır”. Ulu öndərin tövsiyələrini uğurla yerinə yetirən ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsidir ki, bu gün ölkəmizdə yeni məktəb binaları tikilərək gənc nəslin istifadəsinə verilir".

Ali Məclisin Sədri demişdir: "Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq bu gün qarşıda duran əsas vəzifədir. Çünki bu, ölkəmizin gələcəyi ilə bağlı məsələdir. Müdriklərin də qeyd etdiyi kimi, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Ona görə də gənclər təhsilli və vətənpərvər yetişdirilməlidir. Təhsilli və vətənpərvər gənc isə gələcəkdə həm ölkəsi, həm də cəmiyyət və ailəsi üçün yararlı olacaqdır. Müasir tədrisin tələbləri səviyyəsində qurulan Kolanı kənd tam orta məktəbində bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait var. Gənclər onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, yaxşı təhsil almalı, peşə öyrənməli, özlərini gələcəyə hazırlamalıdırlar. Müəllimlər isə gənclərin hərtərəfli təhsil alması və əsl vətəndaş kimi yetişdirilməsi qayğısına qalmalıdırlar". 

kolan-mekteb-3

Kolanı kənd tam orta məktəbinin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən və buna görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri yaradılan şərait müqabilində uğurların daha da artacağına, ölkəmizin gələcəyini təmin edən təhsilli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini ifadə etmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır. 

Bildirilmişdir ki, 360 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. Binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. 

Ali Məclisin Sədri məktəbdə kitabxana işinin təşkili ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, hazırda məktəb kitabxanasının fondunda 2300 dərslik və 2842 bədii ədəbiyyat olmaqla 5142 kitab vardır. Şagirdlərin kitab mütaliəsinə marağının artırılması diqqətdə saxlanılır, müxtəlif tədbirlər keçirilir.

Məktəbdə yeni texnologiyaların tətbiqi tədrisin daha səmərəli təşkilinə imkan verir. Kompüter otağında 38 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli siniflərdə distant dərslərin keçirilməsi üçün şərait yaradılmış, məktəbə elektron dərsliklər verilmişdir. Elektron lövhəli sinifdə Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə əlaqə yaradılmış, ümumilikdə muxtar respublikanın 209 təhsil müəssisəsinin iştirakı ilə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda distant dərs keçirilmişdir.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, xüsusilə onlarda hərb sənətinə marağın artırılması bu gün tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikanın ümumtəhsil məktəblərində müasir hərbi kabinələr istifadəyə verilir, çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinə diqqət artırılır. Kolanı kənd tam orta məktəbində də müasir tədris vasitələri ilə təmin olunmuş hərbi kabinə istifadəyə verilmişdir. 

Məktəbin geniş idman zalı fiziki tərbiyə dərslərinin hərtərəfli tədrisinə imkan verəcəkdir. Şahmatın tədrisi üçün də məktəb binasında lazımi şərait yaradılmışdır.

Ali Məclisin Sədri gənclərin sağlam böyüməsində və əqli inkişafında bədən tərbiyəsi və idmanın, eləcə də şahmatın tədrisinin əhəmiyyətini vurğulamış, şagirdlərdə hərb sənətinə marağın artırılmasının vacibliyini qeyd etmiş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, Kolanı kəndində aparılan quruculuq işləri, yaradılan şərait insanların rahat yaşayışına xidmət edir: "Artıq Kolanı müasir Azərbaycan kəndinə nümunədir. Bu gün kənddə müasir tədrisin tələblərinə uyğun yeni məktəb binası istifadəyə verildi. Məqsəd ondan ibarətdir ki, orta məktəbi bitirən gənclər ölkəmizdəki ali məktəblərlə yanaşı, həm də dünyanın istənilən yerində ali təhsil almaq imkanına malik olsunlar. Elektron lövhəli siniflər, laboratoriyalar, kompüter sinifləri, xarici dillərin tədrisi və digər müasir tədris metodlarının tətbiqi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir. Ötən il Kolanı kənd tam orta məktəbini bitirən məzunlardan altısı ali məktəblərə, beşi orta ixtisas məktəbinə qəbul olunub. Məzunlardan biri 639 bal toplayaraq İngilis dili müəllimliyi ixtisasına daxil olub. Bundan sonra da müəllimlər daim öz üzərlərində işləməli, tədrisin keyfiyyətinə diqqət yetirməli, nəticələr daha da artmalıdır".


Məktəbin müəllimi Ofelya Həsənova minnətdarlıq edərək demişdir: "Kolanı kənd tam orta məktəbində bütün şərait var. Kollektiv üzərinə düşən məsuliyyəti dərk edir. Müasir məktəb binasında tədrisin keyfiyyətini artıracaq, məktəbdə gələcəyin həkimlərini, mühəndislərini, müəllimlərini və digər peşə sahiblərini yetişdirəcəyik. Çalışacağıq ki, şagirdlər savadlı və peşə sahibi olmaqla yanaşı, həm də vətənpərvər böyüsünlər".

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti