XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2017 - 19:38

Neftçalada dağılmış şəhid məzarı niyə təmir olunmur? –İcra başçısı Prezidentin rəsmi saytının cavabına əməl etmir

sehid mezar

Neftçala rayon sakini Esmira Əzizova  atası, şəhid Gözəlov Əsfər Səttar oğlunun məzarının baxımsızlıq üzündən dağılmasından şikayət edib.

Strateq.az bildirir ki, bu barədə “Qazilər.az” saytı məlumat yayıb. O, Qarabağda döyüşüb şəhid olmuş atasının Neftçala rayonu, Bankə qəsəbəsindəki qəbiristanlığındakı məzarının uçub dağıldığını yazıb:

“Atam Qarabağda döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun batalyonunda erməni quldurlarına qarşı döyüşüb və 1992-ci il, martın 6-da, 28 yaşında şəhid olub. Onun rayonun Banka qəsəbə qəbiristanlığındakı məzarı isə uçub dağılıb. Dəfələrlə Neftçala rayon icra hakimiyyətinə məlumat versək də, məzarı elə o vəziyyətdə qalıb. Əlacsız qalıb Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına məktub yazdıq. Oradan da şikayətimizi Neftçala rayon icra hakimiyyətinə göndəriblər”.

Bundan sonra E.Əzizovaya Neftçala rayon icra hakimiyyətinin başçısının müavini G.Z.Sadıqovanın imzası ilə olduqca əcaib bir məktub gəlib: “Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına ünvanladığınız ərizəniz aidiyyəti üzrə Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətinizlə bağlı bildirir ki, atanız şəhid Gözəlov Əfsər Səttar oğlunun Neftçala rayonu, Banka qəsəbəsi qəbiristanlığındakı qəbirüstü məzarında abadlıq və təmizlik işləri həyata keçirilmiş, qəbirüstü məzarda bərpa işlər aparılmışdır”.

Əslində isə şəhidin məzar üzərində “məktub”da yazılan heç bir iş aparılmayıb. Məzar yenə uçulub dağılmış vəziyyətdədir. Yəqin ki, Neftçala rayon icra hakimiyyəti Prezidentə da belə mətnli bir məktub göndəriblər. Çünki qayda bunu tələb edir ki, cavab yazılmalıdır. Cavab isə yalandır! Çox maraqlıdır, çox cüzi vəsait tələb edən təmiri aparmayan Neftçala rayon icra hakimiyyəti Prezidenti niyə aldadır?! Şəhidə, onun məzarına belə sayğısızlıq qəti yol verilməzdir! Bunu dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyev də deyib!

sehid neftcala