XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 13:10

Müəllif Hüquqları Agentliyinin sədri:"Bundan sonra hər bir xidmətə görə haqq alınacaq"

“Müəllif Hüquqları Agentliyi (MHA) fəaliyyətini əvvəlki qaydada davam etdirir. Prezidentin sərəncamı ilə yeni nizamnamə təsdiq olunandan sonra təşkilati hüquqi forma dəyişəcək, qurum publik hüquqi şəxsə çevriləcək”.

“Report” xəbər verir ki, bu sözləri Agentliyin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, Agentliyin adı, gördüyü işlər olduğu kimi qalacaq: "Sadəcə məsuliyyət bir qədər də artacaq. Publik hüquqi şəxsin maliyyələşmə mənbələri müxtəlifdir. Bu dövlət vəsaiti, müəyyən qrantlar və digər vasitələrlə mümkündür. Publik hüquqi şəxsin adi mərkəzi icra hakimiyyəti orqanından fərqli olaraq əlavə pul qazanmaq və bununla özünü müəyyən qədər maliyyələşdirmək imkanı var”.

K.İmanov bildirib ki, hələlik agentlikdə heç bir ixtisar nəzərdə tutulmayıb: “Publik hüquqi şəxsin fəaliyyətinin təşkil olunması üçün müəlliflik hüquqi ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. Bu dəyişikliklər fəaliyyətə əlavə imkanlar yaradılması üçün mütləq olmalıdır. Bu günə kimi Agentlik dövlət müəssisəsi olaraq sırf dövlət büdcəsindən maliyyələşirdi. İndi isə bütün bunlar xidmət kimi olacaq. Bununla da hər bir xidmətə görə haqq alınacaq. Ona görə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi labüddür”.

Qeyd edək ki, ötən ilin noyabrın 24-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılıb.