XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 14:38

Güzəştli mənzillərin tikintisi ilə bağlı suallara biznes-forumdaaydınlıq gətirildi

Bu gün Bakıda “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian American Club” tərəfindən təşkil olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin iştirak etdiyi biznes-forumda güzəştli mənzillərin tikintisi ilə bağlı əsas suallar müzakirə edilib.

“Caspian European Club”dan "Trend"ə verilən məlumata görə, biznes-forumda çıxış edən Samir Nuriyev Agentliyin fəaliyyəti və həyata keçirilən layihələri barədə məlumat verib. Bununla yanaşı, görüşdə özəl sektorla əməkdaşlığın mümkün istiqamətləri, habelə “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un üzvləri olan şirkətləri maraqlandıran digər suallar ətrafında müzakirə aparılıb.

Dövlət və sahibkarlar arasında səmərəli dialoqun qurulması üçün yaradılmış şəraitə görə klubun rəhbərliyinə minnətdarlığını bildirən Agentliyin direktoru hökumətin sosial siyasətinin reallaşdırılmasında özəl sektorun iştirakının əhəmiyyətini xüsusi vurğuladı. Eyni zamanda, S.Nuriyev biznes-forum iştirakçılarını “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən güzəştli mənzil bazarının inkişaf prioritetləri haqqında da məlumatlandırıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilən bu strateji sənədə istinad edən Samir Nuriyev güzəştli mənzillərin tikintisi layihələrinin reallaşdırılmasının mümkün mexanizmləri və dövlət-özəl əməkdaşlıq modelləri barədə də danışdı.

"Caspian European Club"un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb.

Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Biznes-forumda S.Nuriyevə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim edilib.

Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanıdır və Caspian Energy International Media Group-a məxsusdur.

Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının 100-dən artıq biznesmeni, həmçinin beynəlxalq təşkilatların nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.