XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 21:51

Tərtərdə xırdabuynuzlu heyvanların tələfolma səbəbləriməlum olub

Bir sıra kütləvi informasiya vasitələrində Tərtər rayonunun bir neçə yaşayış məntəqəsinin fərdi təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfatın olması barədə məlumat yayılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) baytarlıq mütəxəssislərindən ibarət qrup Tərtər rayonunun yaşayış məntəqələrinə araşdırma aparmaq və kömək göstərmək məqsədi ilə ezam olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildiriblər ki, aparılan araşdırmalar zamanı rayonun təsərrüfatlarında iddia olunduğu kimi 500 baş yox, yanvar ayından bu günə kimi bütün yaşayış məntəqələri üzrə cəmi 97 baş xırdabuynuzlu heyvanın xəstəliklərdən tələf olması müəyyən edilib. Həmçinin müəyyən olunub ki, baxım şəraitinin zəif olması xırdabuynuzlu heyvanların tələf olmasına gətirib çıxarıb. Tərtər rayonunda yoluxucu xəstəliklərdən xırdabuynuzlu heyvanların kütləvi tələf olması halları qeydə alınmayıb və epizootik vəziyyət sabit olub.

Baytarlıq mütəxəssisləri tələf olmuş xırdabuynuzlu heyvanlarda patoloji yarma aparıb və yarma zamanı heyvanların qaraciyərində qurdlar aşkarlanıb. Bundan əvvəl 2017-ci il fevralın 14-də Tərtər rayonunun Əskipara kənd sakini Nəsimi Sadıqova məxsus təsərrüfatda tələf olmuş 2 baş xırdabuynuzlu heyvandan götürülən nümunələr Bərdə zona Baytarlıq Laboratoriyasında müayinə edilib və laboratoriyanın 2017-ci il fevralın 15-də ekspertizasının nəticəsinə əsasən götürülən nümunələrdə qurdlar aşkar edilib.

Həmçinin yenidən həmin təsərrüfatda tələf olan xırdabuynuzlu heyvanlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriyada ilkin pat-anatomik yarma zamanı gətirilən xırdabuynuzlu heyvanın qaraciyərində qurd xəstəliyinin törədiciləri aşkarlanıb. Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrin heç birində infeksion xəstəliyin törədicisi aşkar edilməyib.

Qeyd olunub ki, bəzi KİV-də guya heyvanlara vurulan peyvənd vasitələrinin keyfiyyətsiz olması ucbatından tələfatın baş verməsi bildirilir. Lakin aparılan laboratoriya müayinələrinin nəticəsinə əsasən heyvanların yoluxucu xəstəliklərdən deyil, qurd və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyənləşdirilib. Peyvənd vasitələrinin qurd və digər yoluxmayan terapevtik xəstəliklərlə heç bir əlaqəsinin mövcud olmadığı bildirilib. Ölkəmizə dövlət vəsaiti hesabına alınıb gətirilən bütün peyvənd vasitələrinin beynəlxalq keyfiyyət sertifikatları var. Eləcə də bu peyvənd vasitələrinin keyfiyyəti ölkəmizdə laboratoriya şəraitində bir daha yoxlanıldıqdan sonra heyvanlara tətbiq olunur. Bu isə bəzi KİV-lərdə dərmanların keyfiyyəti barədə gedən informasiyaların həqiqətə uyğun olmadığını göstərir.

Qurd xəstəliklərinə, o cümlədən digər xəstəliklərə qarşı heyvanlarda yaz-payız aylarında heyvan sahiblərinin öz vəsaiti hesabına dehelmintizasiya tədbirləri aparılmalıdır. Lakin aparılan araşdırmalar zamanı Tərtər rayonunun xəstəlik qeydə alınan yaşayış məntəqələrinin əksəriyyətində heyvan sahibləri qurd xəstəliklərinə qarşı heyvanlara vaxtında veriləcək dərmanı payız aylarında aparmadıqlarına və ya gecikdirdiklərinə görə, qaraciyər qurdları heyvanların ciyərlərində çoxalıb, öd yolları tutulub. Qaraciyərin zədələnməsi heyvanlar arasında tələfolma hallarına gətirib çıxarıb. Eləcə də digər qurd xəstəlikləri heyvanları zəiflədib və intoksikasiya nəticəsində heyvanların tələfatına səbəb olub.

Təsərrüfat sahiblərinə baytarlıq mütəxəssisləri tərəfindən heyvanlarda aparılacaq profilaktik tədbirlərə dair müvafiq tövsiyələr verilib, əməli köməklik göstərilib, dehelmintizasiya işlərinin və digər baytarlıq tədbirlərinin aparılmasının təşkilində yaxından iştirak ediblər.

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir. Həmçinin tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatlıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, heyvan sahibinin hesabına aparılacaq baytarlıq tədbirləri, o cümlədən qurd xəstəlikləri əleyhinə tədbirlər baytar həkiminin məsləhət və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.