«Bloomberg» agentliyi dünyanın ən varlı adamlarının siyahısını dərc edib.
Siyahıya yenə «Microsoft»un yaradıcısı, ABŞ vətəndaşı Bill Geyts başçılıq edir. Onun 85.6 milyard dolları var. «Bloomberg» B.Geytsin varını göstərməklə yanaşı, 2014-cü ildə «Reddit» saytına dediklərini də xatırladır. Sayta müsahibəsində milyarder qablarını hər axşam özünün yuduğunu deyibmiş.
İkinci yerdə yenə ABŞ vətəndaşı, «Berkshire Hathaway» sərmayə şirkətinin rəhbəri və ən böyük payçısı Uorren Baffett dayanır, sərvəti 78.9 milyard dollardır.
3-cü yerdə dünyanın ən böyük onlayn ticarət şirkəti «Amazon»un rəhbəri Ceff Bezos (73.5 milyard dolları var), 4-cü yerdə pal-paltar ticarətiylə məşğul olan ən iri şirkət «Inditex»in səhmlərinin yarıdan çoxuna sahib olan Amancio Ortega (69.3 milyard dollar), 5-ci yerdə isə dünyanın ən geniş sosial şəbəkəsi Facebook-un yaradıcılarından biri və icraçı direktoru Mark Zukerberg (59.1 milyard dollar) durub.
VAHİD ƏLƏKBƏROV 104-CÜDÜR
Siyahıda əslən azərbaycanlı iş adamlarından yenə Vahid Ələkbərovun adı var. 11.4 milyardlıq sərvətiylə 104-cü yeri tutan V.Ələkbərov Rusiyanın ikinci ən böyük neft şirkəti «LukOil»un prezidentidir. O, həmçinin enerji, bank, inşaat sahəsi və mətbuata sərmayə qoyan «IFD Kapital»da səhmlərin 25%-nə sahibdir.
Gürcüstanın hakim «Gürcü arzusu» partiyasının təsisçisi, milyarder Bidzina Ivanishvili dünya varlılarının siyahısında 276-cı yerdədir. «Bloomberg» onun var-dövlətinin 5.52 milyard dollara çatdığını yazır.
Erməni əsilli Samvel Karapetyan 4.36 milyard dollarlıq sərvətiylə 394-cü yerdə dayanır. S.Karapetyan Moskvada əmlak biznesiylə məşğul olan «Tashir» şirkətlər qrupunun yaradıcısı, nəzarət paketinin sahibidir.
RUS MİLYARDERLƏR
Siyahıda rus milyarderlərindən bir neçəsi var: Leonid Mixelson 17.5 milyard dollarla 47-ci, Vladimir Potanin 16.6 milyard dollarla 51-ci, Aleksey Mordaşov 16.5 milyard dollarla 54-cü, Viktor Vekselberg 14.8 milyard dollarla 62-ci, özbək əsilli Alişir Usmanov isə 13.9 milyard dollarlıq sərvətiylə 70-ci yerdədir.
Tanınan adlardan «Açıq cəmiyyət» nəzəriyyəsinin təmsilçisi, Soros Fondunun sahibi George Soros 25.2 milyard dollarlıq varıyla siyahıda 27-ci yeri tutur.
«Giorgio Armani» moda evinin yaradıcısı və sahibi Giorgio Armani dünyanın ən varlı adamlarının siyahısında 165-ci yerdə dayanır. Onun sərvətinin dəyəri 7.95 milyard dollardır.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni də dünyanın ən varlı şəxslərindəndir. Var-dövləti 7.25 milyard dollara çatan S.Berlusconi siyahıda 187-ci yerdədir.