XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 08:14

Cavid Qurbanova mitinq xəbərdarlığı oldu
Abutalıbov Cavid Qurbanova: “Onlar aksiya keçirmək istəyir...”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) narazı dəmiryolçuların aksiya keçirməsinə icazə verməyib. Bu barədə dəmiryolçuların BŞİH-ə ünvanladığı məktuba verilən cavabda yazılır.

Virtualaz.org saytı xəbər verir ki, bir neçə gün əvvəl BŞİH başçısı Hacıbala Abutalıbova müraciət edən dəmiryolçulara bildirilib ki, belə bir aksiyanın keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən məqsədəuyğun hesab edilmir.

H.Abutalıbov “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanova müraciət edərək dəmiryolçuların şikayətlərinə baxılmasını xahiş edib.

BŞİH-dən “Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən müraciətdə bir qrup vətəndaşın QSC qarşısında aksiya keçirmək istəməsi və buna icazə verilməyəcəyi deyilir və əlavə edilir: “Kollektiv şikayət ərizəsi idarənizdə baxılıb, araşdırılması üçün sizə göndərilir. Nəticəsi barədə müraciətçilərə məlumat verilməsi sizdən xahiş edirik”.

Qeyd edək ki, vaqon bələdçiləri keçmiş sədr Arif Əsgərovun zamanında əmək haqlarında olan ayrı-seçkiliyin aradan qaldırılması, sosial müdafiənin təmin olunması, qanunvericiliyə əməl olunması və bu vəzifələrin cavabdehə həvalə olunması barədə iddia ilə məhkəməyə müraciət ediblər. Lakin məhkəmə onların iddiasını rədd etmişdi.

Xatırladaq ki, bir neçə gün əvvəl vəzifələrinin dəyişdirilməsinə etiraz edən kişi vaqon bələdçiləri etiraz aksiyası keçiriblər. Bələdçilər bu gün – martın 2-də Prezident Administrasiyasının qarşısında toplaşacaqların da deyiblər.