XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 19:10

Uşaq əlilliyinin yaranma səbəbləri nədir? –Uşaq Bərpa Mərkəzinin baş həkimi yazır

elil

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzi əlil uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirir. Mərkəz fəaliyyət göstərdiyi 13 il ərzində 190 minə yaxın əlil uşağa müvafiq xidmətləri göstərib. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq həyata keçirilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinin baş həkimi Şahin Tağıyev nazirliyin rəsmi mətbu orqanı olan “Sosial həyat” jurnalındakı məqaləsində açıqlanıb.

Ş.Tağıyev qeyd edib ki, çoxlu sayda uşaq xəstəlikləri, onların ağırlaşmaları və qalıq əlamətləri belə uşaqların fiziki və əqli inkişafının məhdudlaşdırır və nəticədə əlilliyə səbəb olur. Belə xəstəliklər anadangəlmə və qazanılma olmaqla iki yerə ayrılır. Anadangəlmə xəstəliklərin böyük əksəriyyətini nevroloji xəstəliklər təşkil edir. Həmçinin, irsi xəstəliklər, ürək-damar, tənəffüs sistemi, dayaq-hərəkət sistremi və həzm sistemi xəstəlikləri, qan xəstəlikləri və s. göstərmək olar.

Anadangəlmə nevroloji xəstəliklər mərkəzi və pereferik sinir sistemi xəstəlikləri olmaqla iki yerə ayrılir. Mərkəzi sinir sisteminə baş beyin və onurğa beyni xəstəlikləri aid edilir. Əlilliyə səbəb olan baş beyin xəstəliklərindən ən çox rast gəlinən uşaq serebral iflici xəstəlikləridir. Uşaq serebral iflici perinatal (hamiləlik vaxtı), intranatal (doğuş vaxtı) və neonatal (doğuşdan sonrakı bir il ərzində) baş beyin zədələnməsi nəticəsində yaranan bir çox nevroloji xəstəliklər toplusudur. Bu qrupa aid olan xəstəliklər hərəki, nitq və intellektual sferada, görmə və eşitmə qabiliyyətində ciddi qüsurlar qoyur. Baş beynin digər anadangəlmə xəstəliklərinə beyincik patologiyaları, hidrosefaliya, mikrosefaliya, perinatal ensefalopatiya, baş beyin hematomaları, dizembriogenopatiya və s. aiddir. Anadangəlmə onurğa beyni xəstəliklərinə isə onurğa beyin yırtıqları, onurğa sütunundakı deformasiyalar, qan dövranı pozğunluqları və damar qidalanması pozğunluqları hesabına əmələ gəlmiş mielopatiyalar və s. aiddir.

Baş həkim bildirib ki, xəstəliklərin hamiləlik vaxtı əmələ gəlmə səbəbləri həddən artıq çoxdur. Hamiləliyin ilk günlərində, yəni embrionun və sonralar dölün qeyri-düzgun inkişafı bir sıra xəstəliklərə səbəb olur. Ananın hələ hamiləliyə qədərki sağlamlıq vəziyyəti çox önəm daşıyır. Bir sıra xəstəliklərdən əziyyət çəkən qadınlar hamilə qaldığı ilk günlərdə embrionun qeyri-düzgün inkişafına rəvac vermiş olurlar. Bu xəstəliklərin hər hansı birinin və ya eyni vaxtda iki və daha çox xəstəliyin qadın orqanizmində törətdiyi funksiya pozğunluqları həmən qadının sağlam hamiləliyə hazır olmamasının əsas göstəricisidir. Həmçinin, müvafiq xəstəliyə görə uzun müddət qəbul etdiyi kimyəvi dərman preparatları depo şəklində hamilə qadının müxtəlif orqanlarında toplandığından dölün hələ erkən vaxtından etibarən ona öz teratogen təsirini göstərmiş olur.

Baş həkimin sözlərinə görə, Azərbaycanın bir çox endemik zonalarında suyun tərkibində yodun miqdari yetərincə olmadığından bu zonalarda yaşayan hamilə qadınlar yod çatışmazlığından əziyyət çəkirlər, nəticədə qalxanabənzər vəzin bir sıra xəstəliklərindən əziyyət çəkən hamilə qadınlar triostatik preparatlardan lazım olan dozalardan artıq miqdarda qəbul etdikləri təqdirdə dölün gələcək inkişafına ciddi ziyan vermiş olurlar. Qadının hamiləliyə hazır olmamasının ən önəmli səbəblərindən biri çox erkən yaşda (15-18 yaşa qədər) ailə qurmasıdır. Gecikmiş yaşdakı hamiləliklərdə (30 yaşdan yuxarı) qadının orqanizmində gedən hormonal və metabolik dəyişikliklər mənfi risk amili kimi nəzərə alınmalıdır. Daha bir səbəb təkrari çoxsaylı abortlardan sonra hamilə qalmış qadınların ginekoloji sferasında yaranmış patologiya hesabına dölün qeyri-normal inkişafıdır. Bəzən hamilə qalmış qadınlar bunu arzuedilməz səbəbli olduğuna görə müvafiq ginekoloji müəssisədə təcrübəli həkim tərəfindən abort edilməsi əvəzinə, özbaşına və ya hansısa bir yaxın adamının tövsiyyəsi ilə qeyri-ənənəvi müdaxilə və ya dərman preparatları vasitəsi ilə hamiləlikdən azad olmağa çalışırlar, lakin belə hallarda çox vaxt hamiləlik pozulmur, nəticədə dölün normal inkişafına çox böyük zərbə dəyir. Dölün qeyri-sağlam inkişafına səbəb olan daha bir amil hamilə qadın və dölün qan qruplarında, həmçinin, rezus-faktorunda olan fərqlərdir.

Dölün genetik səbəbli defektləri ən arzuolunmaz hallardan biridir. Belə ki, irsi xəstəlik amillərinin gen səviyyəsində ötürülməsinin qarşısını almaq, həmçinin, hamiləliyin hər hansı dövründə müalicəvi baxımından təsir etmək qeyri-mümkündür. Profilaktik baxımından bunun qarşısının alınması qan qohumları arasında bağlanmış nigahların minimuma endirilməsidir. Belə ki, irsi xəstəlik və patalogiyalar daha çox qan qohumları arasındakı nigahlar nəticəsində ötürülür.

 

Əlilliyə səbəb ola biləcək bir sıra irsi xəstəlikləri də qeyd etmək lazımdır. Ən çox təsadüf edilən irsi xəstəliklərdən miopatiyalar, miotoniyalar, miotrofiyalar, miasteniya, digər irsi-degenerativ xəstəliklər, kəmağıllılıq və s. göstərmək olar. Həmçinin, xromosom irsi xəstəliklərdən daun xəstəliyi, Şerşevski-Terner, Klayınfelter xəstəlikləri, trisomiyanı qeyd etmək olar.

Uşaqlar arasında əlilliyə səbəb olan hallardan biri də yarımçıq yenidoğulmuşlardır. Hamiləliyin 6-8 aylığında doğulan uşaqlar yarımçıq yenidoğulmuşlar hesab edilir. Bunun əsas səbəbi tez-tez edilən abortlar və ya uşaqsalmalar, doğuşlar arasında olan qısa interval, ana və döl arasında olan immunoloji konfilikt, cift anomaliyaları, toksikozlar, ananın somatik xəstəlikləri, dölün genetik problemləri, ananın aldığı travmalar və s.-dir.

“Xəstə və əlil uşaqların vaxtaşırı ixtisaslaşmış uşaq bərpa mərkəzlərinə göndırilməsi yüksək səviyyədə təşkil edilməlidir. Uşaq Bərpa Mərkəzi Zona TSEK-ləri, Bakı şəhərində və rayonlarda yerləşən tibb müəssisələri ilə sıx əlaqədə işləyir, ümumilikdə reablitasiya işinin yüksək səviyyədə təşkil edilməsi və aparılmasına çalışır. Mərkəzdə reablitasiya müalicəsi almış hər bir xəstə barəsində müvafiq Zona TSEK-lərinə bildiriışlər verilir ki, burada görülmüş tədbirlərin nəticələri, reablitasiya potensialı, verilən tövsiyyələr öz əksini tapır. Uşaq Bərpa Mərkəzi maksimum dərəcədə müalicəyə qəbul etdiyi bütün xəstələrin reablitasiyasının yüksək səviyyədə aparılması və onların cəmiyyətə inteqrasiya olunmasına çalışır”, – deyə Ş.Tağıyev qeyd edib.