XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 11:57

“Sovetski”də müasir yolinfrastrukturu qurulur

Bakı şəhərinin Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyevin Sərəncamlarına müvafiq olaraq yolların genişləndirilməsi, inşaat və abadlıq işləri “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yolların iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa edilir.

Ümumilikdə Balababa Məcidov küçəsində işlərin 80 faizi yerinə yetirilib. Yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlaşdırılması başa çatdırılmaq üzrədir.

Hazırda digər küçələrdə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi işləri uğurla aparılır.

Bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri görülür. Artıq qaz xətləri üzrə 34 faiz, elektrik xətləri üzrə 53 faiz, su-kanalizasiya xətləri üzrə 38 faiz, rabitə xətləri üzrə isə 25 faiz işlər aparılaraq yekunlaşdırılıb.

İndiyə qədər layihə üzrə 54 min kubmetr qazma işləri (qaya tipli əhəng daşı), 9 min kubmetr dolma işləri görülüb. Yollarda hamarlayıcı layın tikilməsi üçün 3 600 kubmetr seçmə materialdan, yol əsasının tikintisi üçün 990 kubmetr optimal tərkibli çınqıl qum qarışığından, yol örtüyün tikintisi üçün isə 1 741 ton asfalt-betondan istifadə edilib, 1 300 poqonmetr yağış suları üçün drenaj xətti çəkilib və bu istiqamətdə işlər davam etdirilir.

Yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək. Bundan başqa, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lərin tikilməsi və müasir avtobus dayanacaqlarının qurulması, parkinq yerlərinin tikintisi nəzərdə tutulur.