XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2017 - 14:00

Şöbə müdiri:“Bu il Azərbaycanda daha 5 hemodializ mərkəzi açılacaq”

“Bu il üçün Azərbaycanda daha 5 hemodializ mərkəzinin açılması nəzərdə tutulur”.

Bunu “Report”a açıqlamasında akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.
Onun sözlərinə görə, həmin mərkəzlər Masallı, Zərdab, Ağsu və Bakıda iki tibb ocağında fəaliyyət göstərəcək: “Hazırda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3 111 xəstəyə xidmət edir. Bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Təxminən 1 milyon əhaliyə 700-750 nəfər xoriniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə düşürsə, deməli ölkədə belə xəstələrin sayı 8 minə yaxın ola bilər”.

Şöbə müdiri qeyd edib ki, hemodializ olunan xəstələrdən təxminən 28-30 faizində hepatit virusu aşkar olunur: “Hemodializ alan xəstələrin 53 faizi kişi, 47 faizi isə qadınlardır. Hazırda Azərbaycanda ən cavan böyrək xəstəsinin 6, ən yaşlısının isə 82 yaşı var. Bu gün 15 yaşa qədər 6 uşaq dializ alır. Keçən il böyrək çatışmazlığından əziyyət çəkən 610 xəstə ölüb. Bu da normativlərə uyğundur. Bu gün 679 xəstə böyrək köçürülməsi üçün qeydiyyatdadır. Keçən il 70-ə yaxın şəxsə böyrək köçürülüb”.

O əlavə edib ki, meyitdən orqan köçürülməsi məsələsi hazırda Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirə olunur: “Artıq layihələr hazırdır. Burada beyin ölümü diaqnozu rəsmi olaraq təsdiq olunmalıdır. Bunun üçün xüsusi həkim briqadası yaradılmalıdır. Hansı ki, həmin mütəxəssislər böyrək köçürülmə əməliyyatında iştirak etməyən biri olmalıdır. Yəni, başqa profil üzrə çalışan həkim olmalıdır. Bu da neqativ halların qarşını almağa xidmət edir. Bundan sonra mərkəzlərə xəbər veriləcək və növbəli şəkildə böyrək köçürülməsi əməliyyatı yerli həkimlər tərəfindən icra olunacaq”.