XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 11:52

Azərbaycanda ali məktəblərə sənəd qəbulu başlayır
Sabahdan Azərbaycanda ali məktəblərə sənəd qəbulu başlayır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edir.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.
“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Azərbaycanın ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən, ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrini aprelin 7-dən aprelin 30-dək təsdiq edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək fəaliyyət göstərirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər. Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.
Ərizə qəbulunun tam mətni, “Elektron ərizə” verən abituriyent üçün təlimat, “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub.