XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2017 - 18:52

Nazirlik:Yay vaxtına keçidin ləğvi ilə bağlı problem tam aradan qaldırılıb

"Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərarın icrası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən operativ qaydada yerinə yetirilib. Nazirlik ilk olaraq Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büroya müraciət edib və həmin təşkilat bizim müraciəti qısa müddətdə nəzərə alaraq sistemdə müvafiq dəyişiklikləri edib. Bununla yanaşı, Azərbaycanda yay vaxtına keçidin ləğv olunması bütün mobil telefon və kompüter istehsalçılarının da diqqətinə çatdırılıb".

Bunu "APA-Economics"ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov bildirib. Onun sözlərinə görə, problem gözləniləndən də tez öz həllini tapıb: "Yuxarıda qeyd etdiyim şirkətlər artıq sistemlərində Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alıblar. Bundan sonra istehsalçı şirkətlər öz məhsullarında bu dəyişikliyi nəzərə almağa başladı".

Bəzi cihazlarda yay vaxtına keçidlə əlaqədar problemlərin yaşandığı qeyd edən şöbə müdiri bildirib ki, həmin cihazlarda əməliyyat sistemləri (UNIX) yenilənməyib: "Biz hazırda tam olaraq qeyd edə bilərik ki, problem öz həllini tapıb. Başqa sözlə, sistem şəklində problem həll olunub. Lakin bəzi cihazlarda mövcud olan əməliyyat sistemləri yenilənmə tələb edir və bu səbəbdən bəzi istifadəçilər problemlə üzləşirlər. Həmin istifadəçilərə yeni proqram təminatını yükləməyi tövsiyə edirik. Bundan sonra problem həllini tapacaq. Mobil operatorların müştəri xidməti mərkəzləri vasitəsilə də problemi aradan qaldırmaq olar. Bundan başqa, "tarix və vaxt" menyusundan "avtomatik" rejimin aktiv edilməsi də tövsiyə olunur. Əgər yenilənmə mümkün deyilsə, menyudan vaxtı avtomatik qaydada deyil, əl rejimi ilə təyin etmək olar".

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb.

Ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı + 4 saat) vaxtını əsas götürməklə Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Yay və qış vaxtlarına keçid ləğv edildikdən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın etalon vaxtının bu qərara uyğunlaşdırılması, həmçinin müvafiq beynəlxalq və regional təşkilatların məlumatlandırılması istiqamətində işlər görülüb. Komitə metrologiya üzrə beynəlxalq təşkilat olan Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büroya, regional metrologiya təşkilatına, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya rəsmi müraciət edərək beynəlxalq zaman sistemində Azərbaycanın mövqeyini bildirib. Hazırda Azərbaycanda zaman qurşağı sabit UTC+4 vaxtı ilə tənzimlənir. Bunu beynəlxalq təşkilatların saytında da əyani görmək olar.