XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2017 - 13:58

“Məmurların hasarladığı torpaqların böyük əksəriyyəti əkinə yararlıdır” –Deputatdan ittiham

"Biz məhsuldarlığı artırmaq, ərzaq təhlükəsizliyinə nail olmaq istəyiriksə, mütləq boş torpaqları əkinə cəlb etməliyik”.

Strateq.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib. 

O, Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə qanunsuz zəbt edilən torpaqlara görə cəzaların sərtləşdirildiyini, hətta buna yol verən şəxsləri 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözlədiyini vurğulayıb:

"Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, müavini olaraq mən və üzvlər bu məsələni parlamentdə dəfələrlə qaldırmışıq. Qanunda hüquqi və fiziki şəxslər üçün yüksək cərimələr müəyyənləşdirilib, üstəgəl hal təkrar olunduğu təqdirdə, azadlıqdan məhrum edilmə nəzərdə tutulub. Qərar qəbul edilib və qüvvədədir. İcra orqanları, yəni Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, rayon icra hakimiyyətləri qanunun icrasını yoxlamalıdırlar”.

E.Quliyev qanunda nəzərdə tutulan cərimələrin effektli olmayacağı qənaətindədir: 

"Mən hər zaman təklif etmişəm ki, boş torpağa görə cərimə yox, məhsul alınsın. Çünki o torpaqları zəbt edənlər imkanlı şəxslər, məmurlardır. Onun üçün 1000-2000 manat heç nədir. Torpağı hasarlayıb, cəriməsin ödəyəcək, bununla da iş bitmiş olacaq. Puldansa, boş torpaqları olanlardan, məsələn, 100-200 ton taxıl tələb edilsin. Yəni, cərimə bu qəbildən olmalıdır. 

Fikrimcə, proseslərə nəzarət etmək üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, hüquq-mühafizə orqanlarından ibarət komissiya yaradılmalıdır. Biz bilmirik axı, hansı rayonun hansısa kəndindəki torpaq kimindir, niyə əkilmir və s. Biz mütləq bu sahədəki problemləri həll etməliyik ki, istehsal artsın və qiymətlər aşağı düşsün”.

E.Quliyev bildirib ki, Konstitusiyaya görə, kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında cavabdehdir: 

"Xüsusilə vəzifədə olan şəxslər məsuliyyət daşıyırlar. Onlar baş verənlərdən nəticə çıxarmalıdırlar. Özləri əkə bilmir, kənddə o qədər işsiz insanlar var ki, şərait yaratsınlar, o insanlar işləsinlər. Həm kəndli qazansın, həm də özləri. Azərbaycanda əkinə yararlı torpaqlar azdır. Məmurlar tərəfindən hasarlanmış torpaqların böyük əksəriyyəti də əkinə yararlıdır”.