XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 13:06

Ərəb turistləri Azərbaycana nə gətirib, buradan nə aparırlar? –Ekspert rəyləri

Azərbaycana son 2 il ərzində turist axını müşahidə olunur. Ölkəmizə gələn turistlər arasında xüsusilə də ərəb ölkələrindən və İrandan olan turistlərin sayı çoxluq təşkil edir.

Bir qayda olaraq, kütləvi turist axını olan ölkələrdə turizm yerli əhalinin mədəniyyətinə, həyat tərzinə öz təsirini göstərir. Belə ki, hər bir turist başqa ölkəyə getdikdə öz mədəniyyətini təbliğ edir. Bu zaman belə sual yaranır: Azərbaycana gələn ərəb və iranlı turistlərin çoxluğu Azərbaycan mədəniyyətinə, adət-ənənələrinə necə təsir edəcək? Sputnik Azərbaycan-ın əməkdaşı bu suala cavab tapmaq üçün kiçik araşdırma aparıb.

Psixoloq Azad İsazadə bildirir ki, turist axınının mənfi və müsbət tərəfləri çoxdur: "Ölkəyə xeyli sayda turistin gəlməsi, belə axına alışmayan əhalini qıcıqlandırsa da, xidmət sektorunda işləyən insanlar üçün əlverişlidir. Bu gün vətəndaşlarımız turist kimi xaricə gedəndə digər mədəniyyətlərdən nəsə götürərək Azərbaycana gətirirlər. Eyni zamanda, biz turist kimi getdiyimiz ölkədə öz mədəniyyətimizi bölüşürük, bizə gələn turistlər isə öz mədəniyyətlərini bizə gətirirlər. Bu da təbii prosesdir". "Amma buna alışmaq üçün bir qədər zaman lazım olacaq. Davamlı turist axını olarsa, bu zaman həqiqətən də mədəniyyətlərin çuğlaşması baş verəcək" — İsazadə qeyd edir.

Sosio-psixoloq Əhəd Kazımov turist axınını müsbət hal hesab edir: "Ölkəmizə nə qədər çox turist gəlsə, bu, yerli əhali üçün psixoloji cəhətdən bir o qədər yaxşıdır. Çünki yerli əhalinin böyük bir qisminin xaricə getmək imkanı yoxdur. Turistlərin ölkəyə gəlişi isə xaricə gedə bilməyənlərə də xarici mədəniyyəti duymaq, turistlərlə ünsiyyət yaratmaq şansı verir. Bu da onların fərqli dünyagörüşünün formalaşmasına səbəb olur".

"Eyni zamanda, dil biliklərinin inkişafına şərait yaradır. Müxtəlif dinlərdən, dillərdən və mədəniyyətlərdən olan insanlar turist kimi gələrək ölkəmizdə inkişafa səbəb olurlar. Həm turistlər bizdən hansısa mədəniyyət və adətlərimizi götürürlər, həm də öz mədəniyyətlərindən bir parçanı bizə qoyub gedirlər. Bu mədəniyyətlərin bir-birinə qarışmasına səbəb olur ki, bunu da çox müsbət hal olaraq qəbul edirik" — mütəxəssis deyir.

Psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, Azərbaycana əsasən şərqli turistlərin gəlməsinin əsas səbəbi ölkəmizin Şərq və Qərbin kəsişməsində yerləşməsidir: "Hər iki mədəniyyətin atributlarını özündə birləşdirən Azərbaycan şərqli turistlər üçün maraqlıdır. Ölkəmiz daha çox şərqli insanın maraq dairəsinə uyğun olduğu üçün bizim ölkəyə daha çox onların gəlməsi təəccüblü deyil". Çünki belə turistlər səyahətləri zamanı özlərini alışdıqları Şərqdə hiss edirlər və eyni zamanda Qərbi görmüş olurlar — Faziloğlu vurğulayır. Onun fikrincə, bu qədər turistin gəlməsi qısa bir zaman kəsiyində yerli əhalidə hansısa psixoloji dəyişikliklərin yaranmasına səbəb ola bilməz: "Amma bu proses uzun müddət davam edərsə, təbii ki, yerli əhaliyə psixoloji təsir göstərə bilər. Müəyyən mədəniyyətlərin bir-birinə qarışması üçün minimum 7-10 il lazımdır".