“Ötən il Azərbaycanda 102 kişi məişət zorakılığına məruz qalıb”.
Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, Azərbaycanda 2016-cı ildə 897 məişət zorakılığı ilə bağlı cinayət hadisəsi qeydə alınıb: “Bunun nəticəsində 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb”.
Komitə rəsmisi qeyd edib ki, 2016-cı ildə Azərbaycanda 4 114 münaqişəli ailə qeydiyyata götürülüb: “Həmin ailələrlə profilaktik iş aparılmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, münaqişəli ailələr ölkənin bütün regionlarında olsa da, onlar Bakıda daha çox üstünlük təşkil edir: “Məişət zorakılığından əziyyət çəkənlər dövlət qurumlarına gec müraciət edirlər. Səbr etməyə üstünlük verirlər. Vəziyyət ağırlaşanda, qarşı tərəf ağır zorakılıq hallarına keçəndən sonra dövlət qurumlarına müraciət olunur. Ancaq müraciətlər o vaxt olur ki, artıq ailəni qorumaq, həmin şəxslərin bir yerdə yaşaması mümkün olmur”.