XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2017 - 15:46

Elmi dərəcələrin adları:Baytarlıq üzrə fəlsəfə doktoru yaxşıdı, yoxsa baytarlıq elmləri namizədi?

Elm haqqında” qanuna (Qanun) görə, Azərbaycanda elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri var: məsələn, tarix üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər doktoru.

Əvvəllər elmi dərəcələr elmlər namizədi, elmlər doktoru kimi müəyyən olunmuşdu: məsələn, tarix elmləri namizədi, tarix elmləri doktoru.

Hansı daha məqbul variantdır? Məsələn, tarix doktorluğuna namizəd, tarix doktoru variantları seçmək olarmı? Dünya təcrübəsi necədir?

Novator.az-a danışan təhsil eksperti Etibar Əliyev “Elm haqqında qanun”a diqqət çəkib: “Qanunun 20.1-ci maddəsində yazılır: Azərbaycan Respublikasında elmi müəssisənin və ali təhsil müəssisəsinin doktoranturasını (dissertantlığını) müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir. Elmi dərəcələrin bu cür təsnifatı Azərbaycanın 2005-ci ildə qoşulduğu Bolonya razılaşmasından irəli gəlir. Bolonya razılaşmasına qoşulmuş 150 ölkədə təsnifatlandırma belədir.

Əslində elmi dərəcələrin adının dəyişdirilməsi mahiyyətə bir o qədər təsir göstərməyib. Çox vaxt adın dəyişməsi mahiyyətin dəyişməsinə hesablanır. İndi fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazılan dissertasiyaların keyfiyyəti magistr işinin keyfiyyətindən çox asılıdır. Elmdə ilk addımlar magistratura pilləsində atılır. Magistr işlərinin yazılmasında xeyli qüsur müşahidə olunur. Plagiatı, oxşar mövzuların işlənməsini buna misal çəkmək olar. Məncə, elmi dərəcələrin adından çox dissertasiya işlərinin keyfiyyətinə diqqət yetirmək daha yaxşı olar.

Amma iradlarla da razılaşmaq olar. Məsələn, baytarlıq elmləri üzrə fəlsəfə doktorundansa baytarlıq elmləri namizədi daha yaxşı səslənir. Ancaq nə etməli, Bolonya razılaşmasına qoşulduqdan sonra elmi dərəcələrin unifikasiyası qaçılmaz idi”.

Novator.az-a danışan Türkiyənin Karabük Universitetinin dosenti Ələskər Ələskərli müəyyən sistemə bütövlükdə riayət etməyi ən doğru yol hesab edir: “Elm sahəsi üzrə fəlsəfə doktoru əvvəllər Azərbaycanda olan elmlər namizədi adına daha çox uyğundur. Elmlər doktoru isə daha yüksək elmi dərəcədir.

Burada fəlsəfə sözü bildiyimiz elm sahəsi mənasında deyil. Bu, “müdriklik sevgisi” və ya “hikməti sevmək” mənasındadır. Yəni tarix üzrə fəlsəfə doktoru bu sahədə elmi yetkinliyi olan adam deməkdir. Belə bölgülər ölkədən-ölkəyə və hətta universitetdən-universitetə görə dəyişir. Əsas olan müəyyən bir sistemi tam şəkildə qəbul etməkdir. Əgər elm sahələri üzrə fəlsəfə doktoru ünvanı verən sistemi qəbul etmişiksə, onda köhnə sistemdəki elmlər doktoru dərəcəsinə ehtiyac yoxdur.

1990-cı illərin sonunda Avropa universitetlərini bir-biri ilə müqayisə etmək üçün vahid bir əsas müəyyən edilmişdi. Bu proses Bolonya adlanır. Azərbaycan da həmin proses çərçivəsindədir. Ona görə bu sistemdə bütün qaydaların qəbul edilməsinə çalışmalıyıq. Bir az oradan, bir az buradan almaqla uğur qazana bilmərik. Həm də fərqli sistem tələbələrimizin təhsil və diplomlarının xaricdə tanınmasına problemlər yaradır”.

Novator.az-ın sualını cavablandıran tarixçi alim Altay Göyüşov deyir ki, xaricdə iki doktorluq yoxdur: “Yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. Fərqli olan yalnız həkimlər və hüquqşünaslardır ki, onların elmi dərəcəsi qısaca MD, ya JSD kimi yazılır. İki doktorluq sovetlərdən qalan anaxronizmdir.

İkinci anaxronizm Ali Attestasiya Komissiyasıdır. Xaricdə elmi adları universitetlər verir. Müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır.

Köklü islahata ehtiyac var. Guya keyfiyyəti qaldırmaq üçün tətbiq edilən çoxlu bürokratik yenilik yalnız vaxt uzatdı, xahiş-minnəti, başqa şeyləri, ən müxtəlif əyri yolları çoxaltdı, amma keyfiyyətə təsir etmədi.

Bir səbəb də bizim elmin başında duranların əksərinin zamandan çox geridə qalması, sürətlə dəyişən dünyaya uyğunlaşa bilməməsi, dünyadan, inkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olmasıdır. Böyük alimlərimizin rəsmi saytlarda yerləşdirilən bioqrafiyalarına, CV-lərinə baxsaq, geridəqalmışlığın şahidi ola bilərik – dil bilmirlər, elektron poçtdan istifadə etmirlər, yeni ədəbiyyatı oxumurlar. Vaxtilə şəraitə uyğun uğurlar əldə edilib. Amma indi görünən odur ki, əksərində elmi araşdırmalara qəlbən, ruhən bağlılıq qalmayıb.

Maddi təminat məsələsi də aydındır. Hətta sovet diktatoru Stalin elmin əhəmiyyətini başa düşürdü. SSRİ-də ən yüksək maaşı alanlar məhz alimlər idi. Nüfuz da öz yerində.

Mən Qərbdə işləmiş adam kimi əminliklə deyə bilərəm ki, orada da universitet müəllimləri həm cəmiyyətdə ən nüfuzlu adamlardan sayılır, həm də təminat etibarilə yüksək səviyyəli həyat sürə bilirlər. Milyarder deyillər, amma yuxarı orta təbəqənin üzvləridir.

Bizdə elm sahəsində problemlər bir adamın bir neçə vəzifəni əlində cəmləməsi, yəni şöhrət, mənsəb hərisliyi, akademik azadlıqların olmaması kimi səbəblərdən də doğur”.