XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 10:54

BANM-ə magistraturaya ilk qəbul elan edilib –Rektor Elmar Qasımov detalları açıqladı

2017/2018-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinə (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının “Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, “Kimya mühəndisliyi” ixtisasının isə “Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul elan edilib.

Strateq.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mediaya açıqlayıb.

Rektor bildirib ki, birinci ixtisas üzrə 10, ikinci ixtisas üzrə 11 bakalavrın qəbulu nəzərdə tutulub.

E.Qasımovun sözlərinə görə, sözügedən ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı ilk dəfə olaraq yalnız Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot- vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında iki diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək.

Bakı Ali Neft Məktəbində magistratura səviyyəsində təhsil isə ödənişsiz olaraq dövlət sifarişi əsasında həyata keçiriləcək.

Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.

Təhsil ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin Bakı Ali Neft Məktəbində sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarını verməlidirlər. Təhsil pulsuzdur.