XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 19:35

Azərbaycan şirkəti Kislovodskdakı sanatoriyaya40 milyon dollar sərmayə yatıracaq

Bakıda XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi çərçivəsində Kislovodskda “Akademiçeski” sanatoriyasının yenidən qurulması üzrə investisiya layihəsinin həyata keçirilməsinə dair üçtərəfli niyyət sazişi imzalanıb.

Sənədi Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Kislovodsk Administrasiyası başçısının birinci müavini Maksim Naqornov, Azərbaycanın “Karat Holdinq” şirkətlər qrupunun rəhbəri Taleh Qasımov imzalayıblar.

Azərtac Stavropol diyarının dövlət hakimiyyəti orqanlarının portalına istinadla xəbər verir ki, sənəd 1990-cı illərdən baxımsız vəziyyətdə olan sanatoriyanın bazasında 450 yerlik müasir sağlamlıq ocağının yaradılmasını nəzərdə tutur. İnvestisiyaların planlaşdırılan həcmi təqribən 40 milyon dollar təşkil edir. Hesablamalara görə, layihənin həyata keçirilməsi təqribən 150 iş yeri yaratmağa imkan verəcək.

Qeyd edək ki, Azərbaycan holdinqi bundan əvvəl də diyarda iri investisiya layihəsi həyata keçirib: 2016-cı ildə onun inşa etdiyi 450 yerlik “İstoçnik” sanatoriyasının açılışı olub. Bu sanatoriyanın inşasına 1,5 milyard rubldan çox vəsait yatırılıb.

Vladimir Vladimirov niyyət sazişinin imzalanmasına münasibətini bildirərək deyib: “Bugünkü hadisə Kislovodskun inkişafı üçün yeni perspektivlər açır və təsdiq edir ki, sanatoriya-kurort biznesi cəlbedici və etibarlı investisiya yatırımıdır”.

Maksim Naqornov deyib: “Baxımsız, tikintisi başa çatmamış sanatoriyalar problemi Kislovodsk üçün həssas problemdir. Əminəm ki, yeni iri sərmayədarla əməkdaşlıq bu problemin həllini sürətləndirməyə kömək edəcək”.

Taleh Qasımov bildirib: “Kafkazskiye mineralnıye vodı kurort sənayesinin inkişafı üçün ciddi məkandır. Onun yüksək potensialı var. Burada sağlamlıq istirahətinin təşkili üçün bu kurortu unikal edən imkanlar cəmləşib. Onu 3 kilometr radiusda yerləşən başqa kurortlarla müqayisə etsək, alternativin çox olmadığını görərik. İnvestisiya planlarımızı Stavropol diyarı ilə bağlamağımızı da elə bu müəyyən etdi. Əminəm ki, doğru yoldayıq”.