Bakı Ali Neft Məktəbi (BANM) ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Ali Məktəbdən Strateq.az-a verilən məlumata görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rəhman, UniKL-nin prorektoru Prof. Azanam Şah Haşim və Sənaye texnologiyası institutunun dekanı dosent Prof. Sairul İzvan Safie, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəliblər.
UniKL-nin prorektoru Prof. Azanam Şah Haşim öz çıxışında vurğulayıb ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O, qeyd edib ki, bu əlaqələr hər iki tərəf üçün perspektiv imkanlar yaradır.
Sonra BANM-lə UniKL arasında müqavilə imzalanıb. Müqavilədə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən "Ömürboyu təhsil" konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.