XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2017 - 11:32

Magistraturaya sənəd verənlərin sayı niyə kəskin azalıb? –DİM-dən izahat

Dövlət İmtahan Mərkəzi bu il üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak edənlərin sayının az olmasına aydınlıq gətirib.

Strateq.az DİM-ə istinadən bildirir ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı ötən ilə nisbətən az olub:

“Belə ki, ötən il 24 110, bu il isə 13 081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Şübhəsiz, imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Lakin eyni zamanda əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ 2 manat olduğundan namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdi. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməmişdi. Bu il isə cəmi 109 nəfər imtahana gəlməyib. Göründüyü kimi, bu il qeydiyyatdan keçənlər daha məsuliyyətli davranıblar və imtahana gəlməyənlərin sayı ötən illə müqayisədə dəfələrlə azalmışdır. Bundan əlavə, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və imtahan nəticələri də gözləntilərin doğrulduğunu sübut edir.

2016-cı və 2017-ci illərdəki imtahan nəticələri müqayisəli təhlil edildikdə aydın olur ki, bu il imtahanda iştirak edən bakalavrların (12972 nəfər) ümumi bilik səviyyəsi daha yüksək olub (ötən il 22409 bakalavr imtahanda iştirak edib): “Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 25.77 faizi (5774 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 57.99 faizə (7522 nəfər) bərabər olub. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların faizi 81.64 olub (10590 nəfər). Ötən il isə müvafiq göstərici 50.44 faiz idi (11303 nəfər). Bu il ümumilikdə 2382 nəfər (18.36 faiz) 40 və daha aşağı bal toplamışdır. Ötən il isə bu göstərici 11106 nəfər (49.56 faiz) idi. Buradan bir daha aydın olur ki, bu il imtahanda daha hazırlıqlı bakalavrlar iştirak ediblər və onların ümumi nəticələri daha yüksəkdir”.