XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2017 - 01:21

Nemət Pənahlının dünya çempionu olan oğlu:"Mən türkəm, babalarım dünyanı fəth edib..."

Xalq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlının oğlu Orxan Pənahlı Portuqaliyanın Lissabon şəhərində keçirilən Uşu-Sanda üzrə dünya çempionatının qalibi olub. Bu uğur mətbuat və sosial şəbəkələrdə gündəm olub.

Musavat.com-un müxbiri bir müddət öncə seçdiyi idman növünə yaradılan əngəllərdən gileylənən O.Pənahlı ilə qalibiyyəti, keçirdiyi hissləri və gələcək planları ilə bağlı söhbət edib.

Strateq.az həmin söhbəti öz oxucularına təqdim edir:

 

– Əvvəla, sizi təbrik edirik. Dünya çempionu olmaq insanda hansı hissləri yaradır?

– Çox gözəl hissdir. İnsanı daha güclü məşqlər etmək üçün həvəsləndirir. Səni sevənləri uğurlarınla sevindirdiyini hiss edirsən və bu da insanda çox gözəl duyğular yaradır.

– Çempion olduğunuz ilk an nələri düşündünüz?

– Əziyyətimin hədər getmədiyini düşündüm. Məndən xəbər gözləyən atamı, anamı, dostlarımı sevindirməyin sevincini yaşadım.

– Qələbənizə inanırdınız?

– Niyə də inanmamalıydım? Mən türkəm, babalarım dünyanı fəth edib. İndi bir çempionatdamı qalib gələcəyimə inanmamalıyam?! (Gülür).

– Nə zamansa dünya çempionu olacağınız xəyalınızdan keçmişdi?

– Əlbəttə, hər bir idmançının dünya birincisi olmaq ən böyük arzusudur. Mən də özümə çox inanırdım.

– Yarış necə keçdi? Rəqibləriniz güclü idi? Qalibiyyət üçün neçə maneəni keçmək lazım gəldi?

– Güclü rəqiblərim var idi. Şükürlər olsun ki, qalib gəldim. Bir rəqibim də döyüşə çıxmaqdan imtina etdi. Halbuki çox güclü idmançı olduğuna əmin idim.

– Əvvəllər sizə əngəllərin yaradıldığından gileylənirdiniz. İndi də bu cür problemlər yaradılır?

– Yaradılan maneələr danışmaqla bitmir. Bu çempionda yaradılan problemlər özünü daha qabarıq şəkildə göstərdi. Sadəcə bu məsələyə toxunmaq istəmirəm.

– Sanki məşğul olduğunuz idman növü elə də məşhur deyil. Sizə də elə gəlmirmi? Cəmiyyətin sizin qələbəyə reaksiyası necə oldu?

– Doğrudur, bizim idman növü olimpiadada iştirak etmədiyindən digər idman növləri qədər məşhur deyil. Qələbəmə hər kəs öz sevincini bildirdi, cəmiyyət də öz diqqətini göstərdi.

– Ali təhsil almaq və idmanla paralel məşğul olmaq çətin deyilmi? Bəlkə, birindən imtina edəsiniz? Əgər qarşınıza seçim qoyulsaydı, hansını seçərdiniz?

– Bəli, ali təhsillə idman birlikdə çox çətin alınır. Mən özüm Sumqayıt Dövlət Universitetində təhsil alıram. Rektorumuz Elxan müəllimə, dekanımız Sevinc xanıma, dekan müavinimiz Qara müəllimə öz təşəkkürümü çatdırmaq istəyirəm. Məndən öz dəstəklərini əsirgəmədilər. Mən də, şükürlər olsun ki, bu dəstəyi yerdə qoymadım. Əgər seçim qarşısında qalsaydım, əlbəttə, idmanı seçərdim.

– Atanın siyasətlə məşğul olması peşəndə problemlər yaradırmı?

– Əlbəttə, yaradır. Məni tanıyan məşq yoldaşlarım, müəllimlərim bilir ki, mən çox uzun müddət yaradılan problem, haqsızlıqlarla bağlı həvəsdən düşüb, uzun müddət məşqi atdım. Qısa bir müddətdə, təxminən 10-15 gün məşq edəndən sonra çox güclü rəqiblərlə döyüşdüm və idmanın fiziki hazırlıqdan daha çox ruhi-mənəvi hazırlıq olduğunu sübut etdim.

– Son sualım: gələcək planların nədir? Bu idman növündə bundan yüksək zirvə varmı?

– Mənim də öz həyatımla bağlı gələcək planlarım var. Öz döyüş klubumu yaratmaq, ancaq vətən, millət sevgisi ilə məşq edən idmançılar yetişdirmək istəyirəm. Çünki qədim dövrdə cəngavərlər idi, indi də idmançılardır. Dəyişən heç nə yoxdur. Vətən, millət sevgisi olmayan idmançı ilə keçmiş dövrün muzdlu döyüşçüləri arasında heç bir fərq yoxdur. Səhəri gün daha çox pul verən dövlət düşmən ölkə olsa da, onu təmsil edəcəklər. Çoxsaylı dünya çempionları var ki, öz bayraqlarını düzgün belə tuta bilmirlər. Çünki onlar öz bayraqlarını dalğalandırmaq üçün deyil, qələbədən sonrakı qranda döyüşüblər. Bu, nəinki sonuncu hədd, deyərdim ki, başlanğıcdır. Çünki idmanın sərhədləri yoxdur. Amalım çempion olmaq deyil, Allahın mənə verdiyi ömrü bacardığım bütün sahələrdə vətənimə, millətimə sərf etməkdir.

Cavanşir ABBASLI

Musavat.com