XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 17:34

LDU-da ilk dəfə fizika-riyaziyyat fənləri üzrə regional olimpiada keçirilib –130 şagird və tələbə qatılıb

Fəaliyyət göstərdiyi 25 il ərzində Lənkəran Dövlət Universitetində (LDU) ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada təşkil olunub.

LDU-nun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bölgə  gənclərinin  dəqiq elmlərə olan  həvəs və marağını artırmaq, ölkə üçün potensial riyaziyyatçı kadrlar yetişdirmək işinə yardımçı olmaq, istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxartmaq məqsədi daşıyan olimpiadanın açılışında LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov çıxış edib.

Dəqiq elmlərin inkişafının ölkənin inkişafı ilə üst-üstə düşdüyünü, riyaziyyat və fizika fənləri üzrə ölkədə ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu bildərən Natiq İbrahimov LDU-da bu istiqamətdə aparılan genişmiqyaslı təbliğat-təşviqat işlərindən danışıb, keçirilən olimpiadanın da həmin proqramın tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Cənub bölgəsinin 6 rayonundan olan şagird və tələbələrin qatıldığı olimpiada 3 istiqamətdə – orta məktəb, orta ixtisas məktəbi və ali məktəb tələbələri arasında fizika və riyaziyyat fənləri üzrə keçirilib. Bilik yarışmasına region üzrə 130 şagird və tələbə qatılıb.

2 gün davam edən olimpiadada orta, orta ixtisas və ali məktəb tələbələri arasında hər iki fənn üzrə 3 qalib müəyyənləşib. Olimpiadada ən yüksək nəticəyə nail olan iki qalibi də müəyyənləşdirib.Riyaziyyat üzrə ən yaxşı nəticəni Masallı rayonun Böyük Kolatan tam orta məktəbinin şagirdi Seyran İbrahimov, fizika üzrə LDU-nun tələbəsi Tural Həbibov  əldə ediblər.

LDU-nun rektor vəzifəsini icra edən, professor Natiq İbrahimov  qalibləri  universitetin professor-müəllim heyəti adından təbrik edib, uğurlu nəticə göstərən şagirdləri həm də gələcəkdə LDU-nun tələbələri kimi görmək istəyini dilə gətirib. Belə olimpiadaların bundan sonra müxtəlif fənlər üzrə mütəmadi keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov ölkənin inkişafının bugünkü gəncliyin səviyyəsindən, elmi bacarıqlarından, zamanla ayaqlaşa bilmək qabiliyyətindən asılı olduğunu gənclərin diqqətinə çatdırıb.

Olimpiada qalibləri kubok, fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.