XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2017 - 15:55

Yerli idarəetmə sistemində əsaslı islahatların aparılması zəruridir

Hafiz Həsənov

 

Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsindən 17 il keçir. Ötən mərhələ göstərdi ki, bu zaman kəsiyində Azərbaycanda yerli özünüidarəetmə institutları real hakimiyyət orqanlarına çevrilə bilmədi. Bu da daha çox bələdiyyələrin dövlət orqanı statusunun, müstəsna səlahiyyətlərinin və dayanıqlı maliyyə imkanlarının olmaması ilə bağlı olub. İndi bələdiyyələrə yerli özünüidarə orqanları kimi etimad da getdikcə öləziməkdədir. Bu baxımdan növbəti mərhələdə bu idarəetmə institutlarının yerli idarəetmədə çəkisinin artırılması sahəsində əsaslı islahatların aparılmasına ehtiyac vardır.

Azərbaycan bələdiyyələrinin keçdikləri təcrübədən və demokratik idarəetmə qaydalarından çıxış edərək hesab edirik ki, islahatlar təkcə bələdiyyə idarəetməsini deyil, bütövlükdə yerli idarəetrməni əhatə etməlidir. Yəni Azərbaycanda islahatlar ümumilikdə yerli idarəetmə sistemində aparılmalı və yerli idarəetmə Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bizcə bu proseslərdə dövlət hakmiyyətinin əks-mərkəzləşdirilməsi və yerli idarəetmənin demokratikləşdirilməsi əsas prinsip kimi götürülməlidir.

Yerli idarəetmə sahəsində islahatların çətinliklərini və uzun zaman tələb etməsini nəzərə alaraq islahatların mərhələli şəkildə aparılmasını zəruri sayırıq.

 

Bələdiyyələrin yerli idarəetmədə səlahiyyətləri artırılmalıdır

 

Hesab edirik ki, bu proseslərin ilkin mərhələsində bələdiyyələrin yerli idarəetmədə səlahiyyətləri gücləndirilməlidir. Bunun üçün bələdiyyə institutlarının inkişafı sahəsində müvafiq tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər daha çox  bələdiyyələrin hüquqi statusunun genişləndirilməsi və maliyyə-iqtisadi əsaslarının gücləndirilməsini əhatə etməlidir.

Bu mərhələdə yerli əhəmiyyətli məsələlər üzrə səlahiyyətlər mərhələlərlə bələdiyyələrə verilməli və bu funksiyaların həyata keçirilməsinə imkan verən maliyyə resursları ayrılmalıdır.

Sonrakı mərhələdə  yerli idarəetmədə paralelliyin aradan qaldırılması məqsədilə yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəliklərinin ləğv edilməsi prosesi aparılmalıdır. Hesab edirik ki, bu mərhələyədək funksiyaları genişləndirilmiş bələdiyyələr yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəliklərinin movcud vəzifələrini həyata keçirməkdə ciddi çətinliklərlə qarşılaşmayacaqlar. Digər tərəfdən, yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəliklərinin indiki funksiyaları o qədər də geniş deyil. Yəni bu icra strukturlarının bütövlükdə icra hakimiyyətində çəkisi olduqca azdır. Yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəliklərinin ləğv edilməsi yerli idarəetmədə paralelliyin aradan qaldırılması ilə yanaşı, bələdiyyələrin real yerli hakimiyyət orqanlarına çevirilməsinə də geniş imkanlar yaradar. Qeyd edək ki, bu qurumların ləğv edilməsi Konstitusiyada və qanunvericilikdə əsaslı dəyişiklərin aparılmasını zəruri etmir. Bunun üçün sadəcə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə müvafiq dəyişikliklər aparılmalıdır. Eyni zamanda bu islahatların aparılması geniş vaxt və böyük vəsait tələb etmir. Bununla yanaşı bu prosesin aparılması yerli idarəetmədə ciddi problemlərin yaranmasını da istisna edir.

Bununla bağlı bir məsələni də qeyd etməyi zəruri sayırıq ki, 2009-cu ildən başlayaraq  bələdiyyələrin birləşdirilməsi prosesi vüsət alıb.

Lakin bütün bunların fonunda yerli icra hakimiyyətlərinin səlahiyyətləri artırıldı və ümumən yerli idarəetmədə üstünlük yerli icra hakimiyyətlərinin xeyrinə xeyli dərəcədə dəyişdi. Bu özünü  yerli icra hakimiyyətlərinin ərazi nümayəndəlikləri səviyyəsində də göstərdi və indi daha çox kənd inzibati ərazi vahidlərində yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəlikləri fəaliyyət göstərirlər.

Hesab edirik ki, əslində proses əksinə aparılmalı idi. Yəni bələdiyyələrin birləşdirilməsi əvəzinə, yerli icra hakimiyyətləri başçılarının ərazi nümayəndəliklərinin birləşdirilməsi prosesi həyata keçirilməli idi. Bu cür kiçik islahatlarla idarəetmədə üstünlüyün mərhələlərlə bələdiyyələrin xeyrinə dəyişilməsi prosesləri aparılmalı idi.

 

Bələdiyyələrin maliyyə-iqtisadi bazası gücləndirilməlidir

 

Təbii ki, bu proseslərdə yerli özünüidarəetmənin güclü və dayanıqlı maliyyə-iqtisadi əsaslarının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirik ki, dövlət büdcəsinə ödənilən bir sıra vergilərin və ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsi prosesi tədricən reallaşdırılmalıdır. Bu məsələdə vergi ödəmələrinin yeni sisteminin müəyyən olunması da alternativ variantlardan biri kimi nəzərdən keçirilə bilər.

Eyni zamanda dövlət büdcəsindən bələdiyyələrin inkişafına dotasiya, subsidiya, subvensiya və uzunmüddətli faizsiz kreditlərin ayrılması da yerli özünüidarəetmənin inkişafına əsaslı təsir göstərə bilər. Bu proseslərdə əsas diqqətin bələdiyyələrin istehsal, emal müəssisələrinin və sosial obyektlərin yaradılmasına verilməsi daha məqəsədəmüvafiq olardı. Bələdiyyələrin maliyyə-iqtisadi fəaliyyəti sahəsində bu tədbirlərin həyata keçirilməsi son nəticədə bələdiyyələrin öz funksiyalarını tam və daha səmərəli həyata keçirməsinə imkan yaradar. Bu da ölkədə yerli idarəetmənin demokratikləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərər və əhalinin yerli özünüidarəetmədə fəallığının əsaslı şəkildə artırılmasına gətirib çıxarar.

 

Yerli idarəetmə sistemində əsaslı islahatların istiqamətləri

 

Proseslərin növbəti mərhələsində ölkənin yerli idarəetmə sistemində əsaslı islahatların aparılmasına başlanmalıdır. Bu prosesdə öncə Konstitusiyada zəruri dəyişiklikllərin aparılması zəruridir. Bunun üçün Konstitusiyada bələdiyələrin statusu qeyri-dövlət orqanları kimi deyil, dövlət orqanları kimi müəyyən edilməlidir. Eyni zamanda idarəetmə sisteminin mərkəzi, regional və yerli idarəetmə orqanları kimi müəyyən edilməsi üzrə islahatlar həyəta keçirilməlidir. Bu idarəetmə sistemində mərkəzi və regional idarəetmə birbaşa icra hakimiyyətinə, yerli idarəetmə isə, bütövlükdə bələdiyyələrə verilməlidir. Hazırda mövcud olan yerli icra hakimiyəti orqanları isə ləğv edilməlidir. Təşkiledilmə qaydasına görə mərkəzi və regional idarəetmə təyinat qaydasında, yerli idarəetmə isə, seçkilər yolu ilə kollegial qaydada təşkil edilməlidir.

Bu sistemdə mərkəzi idarəetmə orqanları indiki halda olduğu kimi mərkəzi icra hakimiyyəti orqanlarını (nazirlikləri, komitələri və s.) əhatə edir. Regional hakimiyyət orqanları isə, Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilən, səlahiyyətləri Konstitusiya və qanunlarla tənzimlənən regional hakimiyyət orqanları nümayəndələri tərəfindən həyata keçirilməlidir. Regional hakimiyyət nümayəndələri ölkənin bir neçə inzibati ərazi vahidini əhatə edən ərazilər üzrə formalaşdırılır (məsələn; Gəncə, Şəki, Lənkəran, Xaçmaz və s. Hər bir regional nümayəndəliyə həmin region üzrə bir neçə rayon daxil olur). Beləliklə ümumilikdə dövlət hakimiyyəti sistemində icra hakimiyyəti idarəetmədə orta səviyyəyə, yəni regional idarəetməyə qədər formalaşdırılmalıdır.

Regional idarəetmədən aşağı səviyyədə isə, yerli ozünüidarəetmə orqanları fəaliyyət göstərir. Yerli idarəetmə isə bütövlükdə statusu dövlət orqanları kimi müəyyən edilən bələdiyyələr tərəfindən  həyata keçirilir. Yəni rayon, şəhər, qəsəbə kənd səviyyəsində bələdiyyə orqanları fəaliyyət göstərir. Eyni zamanda Bakı və Gəncə şəhərlərində böyük şəhər bələdiyyələri yaradılır.

Müvafiq rayon və şəhər üzrə bələdiyyə məclisləri və bələdiyyə icra aparatının rəhbəri kimi bələdiyyə meri  fəaliyyət göstərir. Bələdiyyə məclisi üzvləri kimi bələdiyyənin meri də birbaşa xalq tərəfindən seçilir və xalqa hesabat verir. Burada yerli idarəetmə orqanlarının ikili hesabatlılığı (həm yerli sakinlər, həm də ali icra haikimiyyəti qarşısında hesabatlılıq)  da müzakitə predmeti ola bilər.

Bu islahatlar zamanı dövlət hakimiyyətinin əksmərkəzləşməsi prinsipi üzrə bələdiyyələrin yerli idarəetmədə səlahiyyətləri və funksiyaları dəqiq, həm də konkret müəyyən edilməlidir.  Bunlarla yanaşı, bələdiyyələrin öz fəaliyyətlərini həyata keçirərkən onlar tərəfindən Konstitusiya və qanunlara əməl olumasının real hüquqi təminatları da müəyyən edilməlidir. Eyni zamanda bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları paket halınqda tamamilə təkmiləşdirilməli, yaxud yeni qanunlar qəbul edilməlidir.

Bütün bunlarla yanaşı, yerli idarəetmənin dayanıqlılığını təmin etmək üçün isə, onun funksiyalarına uyğun maliyyə vəsaiti ayrılmalıdır. Bunun üçün bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir. Eyni zamanda mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir. Burada bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir. Bunlardan başqa, dövlət büdcəsindən bələdiyyələrə transferlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transferlərlə yanaşı, məqsədli transfertlərin də verilməsi təmin edilməli və bu transferlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır.

Bütün bunlar olduqca çətin və geniş iş tələb edən bir prosesdir. Lakin Azərbaycan dövlətinin tutduğu strateji xətt bu islahatların gec və ya tez baş verməsini onsuz da reallaşdıracaq. Çünki ölkədə demokratik hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının əsas atributlarından biri də məhz bu cür fundamental məsələlərlə bağlıdır. Proseslərin vaxtında və gemokratik prinsiplər əsasında aparılmasından isə ancaq dövlət və cəmiyyət qazanar. Qeyd edək ki, “Yerli özünüidarə haqqında” Avropa Xartiyası və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yeri özünüidarəetmə ilə bağlı Tövsiyyələri də yerli özünüidarə sistemində islahatların aparılmasını zəruri edir.

Ümid edirik ki, Azərbaycanda yerli özünüidarəetmə institutları ilə bağlı növbəti mərhələ geniş və əsaslı islahatların aparılması mərhələsi olacaq.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi”  adlı xidmət çərçivəsində həyata keçirilir.

Strateq.az