XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2017 - 17:02

Şəmsəddin Əliyev:"IV İslam Həmrəylik Oyunları zamanı təhlükəsizliyin yaxşı təmini ölkəmizin etibarını daha da artıracaq"

Şəmsəddin ƏLİYEV

“Polisə Dəstək” İB-nin sədri

 

Azərbaycan Respublikası DİN-nin  21 apreldə keçirilən geniş kollegiya iclasında qeyri-aşkar şəraitdə baş verən mülkiyyət əleyhinə olan cihayətlərin açılması və IV İslam Həmrəylik Oyunları zamanı təhlükəsizliyin təmin olunması  məsələləri müzakirə predmetinə çevrilib.

Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlər dünyada “dəbdə” olan cinayətlərdir. Bu cür cinayətlərin törədilməsi zamanı heç də həmişə “peşəkarlıq” tələb edilmir. Mülkiyyət əleyhinə olan cinayətlərin müəyyən qismi (oğurluqlar) bəzən  sadə üsulla, ilk dəfə törədilir.

Ümumiyyətlə, “qeyri-aşkar  şəraitdə”  ifadəsi mülkiyyət əleyhinə olan cinayətlərə (oğurluqlara) xas hüquqi cəhətdir. Məsələn, oğurluqlar özgəsinin əmlakını gizli yolla talamaqla törədlilir. “Gizlilik” “qeyri-aşkar şəraitdə” ifadəsini təsdiqləyir. Bu baxımdan, heç kimin görmədiyi, bəzən ehtimallara-fərziyyələrə də söykənməyən faktların baş verməsində təqsirkarların dairəsini və şəxsiyyətlərini müəyyən etmək üçün uzun zaman tələb olunur. Ona görə cinayətlərin dinamikasında mülkiyyət əleyhinə olan cinayətlər artımla müşahidə edilir.

Bəzən, ekspertlər bu qrupa aid olan cinayətlərin artmasını daha çox sosial faktorlarla, işsizliklə, maddi çətinliklərlə bağlayırlar. Kriminoloji nöqteyi-nəzərdən bu səbəblər hər bir cəmiyyətə aid olub. Lakin son illərin təhlili isə belə nəticəyə gəlməyə əsas verir ki, iqtisadi sahədə olan dəyişikliklər və narkomaniyanın təsiri altında təqsirkarlar “son zərurət” kimi bu addımı atırlar. Narkomanlıqdan əziyyət çəkən və ondan asılı olan şəxslər bu asılılıqdan xilas olmaq, ehtiyaclarını ödəmək üçün pul tapa bilməyən, iradəsinin köləsinə çevrilən belə şəxslər tamahla müşayət edilən, mülkiyyət əleyhinə olan cinayətləri, o cümlədən oğurluqları törədirlər.

Məsələ ilə bağlı kollegiya iclasının aprel ayında keçirilməsi də təsadüfi deyil. Vəziyyətin təhlili belə deməyə əsas verir ki, mülkiyyət əleyhinə olan cinayətlər – şəxsi əmlak və  mənzil oğuluqları daha çox yaz-yay fəsillərində, mart-avqust aylarında baş verir və hər ay 1,1% artımla qeydə alınır. Payız aylarında  isə təxminən, dekabr-yanvar ayları da daxil olmaqla, azalma baş verir. Qeyd etdiyim yaz-yay aylarında oğurluqların artımını məzuniyyət və bağ mövsümünün başlaması, müəyyən səbəblərdən yaşayış yerlərini dəyişməsi, şəhər evlərinin sahibsiz qalması ilə bağlamaq olar. Belə vəziyyət oğrulara “poliqon” yaradır.

Ona görə də, məsələnin kollegiyaya çıxarılması, kollegiya Sədrinin və onun üzvlərinin mülkiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizəyə xüsusi önəm verilməsi düşündürücüdür.

Vətəndaşlar bilməlidirlər ki, mülkiyyət əleyhinə olan cinayətlərin  qarşısını almağın yollarından biri, bəlkə də ən mühümü obyektlərin və mənzillərin mühafizə siqnallaşdırılmasından keçir. Bu xidmətdən maksimum istifadə həm baş verəcək cinayətlərin qarşısını almağa, həm də cinayətkarların isti izlə yaxalanmasına imkan yaradır. Bunun üçün mühafizə orqanları da öz fəaliyyətləri ilə vətəndaşları inandıra biləcək xidmət göstərməyi bacarmalıdırlar.

Digər xüsusi əhəmiyyət kəsb edən məsələ IV İslam Həmrəyliyi Oyunları zamanı ölkədə təhlükəsizliyin təmini və onu fövqaladə dərəcədə nəzarətdə saxlamaqla bağlıdır. Cənab Nazir, hörmətli Ramil Usubovun qeyd etdiyi kimi, 12 mindən çox polis əməkdaşının təhlükəsizliyin və ictimai qaydaların qorunmasına cəlb edilməsi məsuliyyət hissinin və sədaqətin təzahürüdür.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun da hüquqpozmalara meyilli olanlara və ya ictimai qaydaları pozanlara qarşı qətiyyətli olacaqları, lakin qanunun tələbinə uyğun davranacaqları haqda çıxışı da sabitliyin fasiləsiz nəzarətdə saxlanılmasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Təşkilat Komitəsinin  üzvləri ilə  görüşdə məlum oldu ki, hər bir yüksək çinli məmur verilən  tapşırıqlara yüksək məsuliyyətlə yanaşır. İnşallah, bütün dünya Bakıda keçiriləcək beynəlxalq tədbirin dünyaya görk olunacaq tərzdə keçirilməsinin canlı şahidi olacaqlar.

Mənim də heç bir şübhəm yoxdur ki, beynəlxalq tədbirlərin keçirilməsi ölkənin artan nüfuzuna, dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, bu işdə iştirak edən çoxminli Könüllülərin və Şərəfli Xidmət sahələrinin nüfuzuna nüfuz qatacaq.