XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2017 - 12:05

Azərbaycanda uşaqlar arasında suçiçəyinin yayılmasınarəsmi münasibət

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə əhali, xüsusilə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma halları ilə bağlı məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva ölkədə hazırda suçiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqləyib. Lakin o bildirib ki, bu il ümumilikdə ölkədə suçiçəyinə yoluxan insanların sayı azalıb.

Mərkəz rəsmisinin sözlərinə görə, ötən ilin yanvar-mart ayları ərzində respublikada 6628 suçiçəyinə yoluxma hadisəsi qeydə alınmışdısa, bu ilin 1-ci rübündə belə hadisələrin sayı 5886 olub. Bu isə ötən ilə nisbətən 11,2 faiz azalma deməkdir:

"Bu rəqəm bütün respublika üçün çox deyil. Suçiçəyi Azərbaycanda idarə olunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Buna görə də biz yalnız əks-epidemik tədbirlər vasitəsilə belə halların sayının azalmasına nail olur, xəstəliyin yayılmasının qarşısını alırıq. Lakin peyvəndlə idarə olunan xəstəliklərin qarşısını ala bilirik".

A.Əliyeva deyib ki, hazırda suçiçəyi daha çox məktəbyaşlı uşaqlar arasında müşahidə edilir: "Əsasən, məktəblilər arasında, mütəşəkkil kollektivlərdə bu xəstəliklərə rast gəlinir. Bağçalarda belə hallara o qədər də rast gəlinmir. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində yoluxma sayında artım qeydə alınmır. Xəstəlik tək-tək hallarda qeydə alınır".

Onun sözlərinə görə, suçiçəyinə yoluxma, əsasən, əhalinin sayı çox olan böyük şəhərlərdə, xüsusilə Bakıda rast gəlinir.

A.Əliyeva bildirib ki, ümumilikdə hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hadisələri, əsasən, payız-qış aylarında müşahidə edilir: "Amma yay mövsümünə keçən zaman bu xəstəliklərə yoluxma hadisələrinin sayı azalır".