XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2015 - 08:44

Sabiq polis rəisindən hakimi ittiham edən yazı – “Hüquqşünas olmağı bacarmayan hakim”

shemseddin.jpg

Şəmsəddin ƏLİYEV,

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri

 

                                                                             “Mənəviyyatsız həyat – yuxudur”.

                                                                                                                        L. Tolstoy.

 

Aforizm kimi seçdiyim sözü Lev Tolstoy uzun illər öncə söyləyib. Təəssüflər olsun ki, bu dəyər az qala bizim dövrümüzdə əhəmiyyətini itirməkdədir. Mənəviyyat insanın özü uğrunda apardığı mübarizənin nəticəsi kimi ortaya çıxır. Bu, özünü tapmaq, şəxsiyyətin hərtərəfli və harmonik inkişafıdır. Fərdin insanlıq mahiyyətini təsdiqləməyə çalışması həm də onun potensialını və özünə xas keyfiyyətlərini də ortaya çıxarır.

İnsanın bir şəxsiyyət kimi formalaşması üçün cəmiyyətimizdə kifayət qədər əlverişli şərait var: təki, istək olsun. Bunun üçün hər bir kəs özünün, başqalarının və cəmiyyətin ümumi marağı naminə məsuliyyətini anlamalıdır. İnsanlığa xas dəyərlər kimdə yoxdursa, deməli o, Yaradana asidir.  Həzər o gündən…

Uşaq 3 yaşına çatar-çatmaz “mən özüm” deyərək, özünün insanlıq mahiyyətini təsdiqləməyə cəhd edir. Ancaq insan da var ki, heç 30-40-50 yaşında da nəyisə anlamaq qabiliyyəti yoxdur.

Tələbəlik illərində oxuduğum və bu gün də yaddaşımda qalan K.Marksın gəncikən yazdığı “özünü tərbiyə himni”nin bir neçə misrasını çatdırmağı özümə borc bilirəm:

 Ne moqu ya jit v pokoe,

Esli vsya duşa v oqne,

  Ne moqu ya jit bez boya

İ bez buri, v polusne…

 

Rus dilində daha yaxşı səsləndiyindən, orijinalda olduğu kimi verdim. Qısa mənası belədir: “Əgər “könlüm” odlanırsa, mən necə rahat yaşaya bilirəm? Mübarizəsiz də yaşaya bilmərəm” və s.

Düşünürəm ki, bu xarakterik cəhət hər bir kəsə aiddir…

Açığı, məni bu yazını yazmağa vadar edən başqa səbəbdir. Hamımıza məlumdur ki, mütləq ədalət olmadığından, hər bir cəmiyyətdə sosial ədalətsizliklər olub və olacaq. Sosial ədalətin bərpası isə müasir cəmiyyətdə daha çox məhkəmə hakimlərinin üzərinə düşür. Onlar Azərbaycan dövləti adından qərar qəbul etməkdə müstəqildirlər və bu müstəqilliyin qarantı ölkənin Prezidentidir. Bu, Azərbaycan Xalqının iradəsini ifadə edən konstitusion müddəadır. Hər bir hakim tərəddüd etmədən Prezidentin zəmanət verdiyi müstəqilliyi öz fəaliyyətinin epiqrafı kimi qəbul etməli, göstərilən etimada, vəzifəsinə xəyanət etməməli, hakim nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməlidir. Amma çox təəssüf ki, hakimlərin hamısı konstitusion müddəaların mahiyyətinə varmırlar (Yaxşı tanıdığım hakimlər və hakimliyə layiq tanımadığım şəxslər istisnadır).

Oktyabrın 17-də Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən Dövlət başçısı İlham Əliyevin hamıya görk olan aktı Femidanın – ədalət mücəssəməsinin canlı təzahürü kimi aydın səmada şimşək kimi çaxdı. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu – “Domokl qılıncı” qınından çıxdı… Bu, qətiyyətli bir addım idi…

Allah xatirinə, heç kim məndən inciməsin. Tarixən DİO-da cinayətkarlıqla mübarizə işinin təkmilləşdirilməsi üçün DTK-dan (Dövlət Təhlükəsizlik Komitəsindən) – indiki MTN-dən kadr axtarışına başlanılırdı. DİN-dən isə transferlər olmamışdı…

23 oktyabr 2015-ci il saat 11:00 da Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Etibar Mustafayevin sədrliyi ilə keçirilən inzibati prosesin iştirakçısı olmuşam. Açığı, prosesin başlandığı andan tərk etdiyim qısa vaxta qədər, hakim Etibar Mustafayev “özəl bir proses” nümayiş etdirdi. Əvvəla, nə iddiaçının, nə cavabdehin hüquq və vəzifələrini elan etmədi. Nümayəndəsi olduğum əcnəbi vətəndaşın dindirilməsi üçün tərcüməçi dəvət olunmadı və hakim buna ehtiyac duymadı. Replikalarıma E.Mustafayev kobud, qeyri-mədəni və qeyri-etik davranışları ilə cavab verdi, əzab çəkdim. Nümayəndəsi olduğum əcnəbi vətəndaş, Qarabağ döyüşünün əlili və veteranı kimi yaşadığı Xətai rayonunda güzəştli əsaslarla mənzil növbəsinə götürülmədiyindən, məsələnin həlli məhkəmə aidiyyatına mənsub olmuşdu. Ancaq proses ədalət mühakiməsinin prinsiplərinə uyğun başlamadı! Mədəniyyətdən və əxlaqdan uzaq, hakimlərin etik davranış qaydalarına zidd hərəkətlərə yol verildiyindən, içilən anda sədaqətsizlik nümayiş etdirildiyindən, məhkəmə prosesini tərk etməyə məcbur oldum.

Mənim ABU-nun hüquq fakultəsini bitirən və hakim vəzifəsində çalışanlara heç bir iradım yoxdur. Amma ictimaiyyəti düşündürən bir suala da cavab tapmaq lazımdır: rektoru Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə beynəlxalq axtarışda olan bir təhsil ocağının məzunlarının, doğrudanmı, bu cinayətlərdə heç bir rolu yoxdur? Axı, bu qədər sərvət həm də məhz tələbələrdən yığılmışdı!  ABU-nun bitirən hüquqşünaslara çox səmimi yanaşıram. Amma nə edim ki, onlar BDU-nun hüquq fakultəsinin adlı-sanlı və dünyasını dəyişən mərhum hüquqşünasların – M. Xələfovun, M. Ələsgərovun, İ. Məmmədovun, M. Rəsulovun, Y. Mehdiyevin, Ə. İbrahimovun, həmçinin hazırda fəaliyyətdə olan R. İsgəndərovun, A. Qasımovun, E. Nəsirovun, M. Məlikovanın mühazirələrini dinləməyiblər. ABU ilə BDU arasında cənnətlə cəhənnəm arasındakı qədər fərq, məsafə var!

Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyanın bir illik statistik rəqəmlərinə baxmaq yetər ki, ABU-nu bitirən hüquqşünasların neçə faizinin dövlət qulluğunun müsahibə komissiyasından keçə bildiyin
i görək.

Hakim Etibar Mustafayev də Murtuz Ələsgərovun, Məmməd Xələfovun və digər həmişəyaşar hüquqşünas  müəllimlərin mühazirələrini dinləməyənlərdəndir…

Hüquqşünas ixtisasına malik olmaq üçün şübhə doğuran təhsil ocaqlarına üz tutmaq və diplom əldə etmək hələ hüquqşünas olmaq demək deyil. Hakim olmaq da hələ peşəkar hüquqşünaslıq deyil. Bu qaydadır ki, iki nəfər hər hansı bir məsələ ətrafında mübahisə etdikdə, həqiqəti aşkar etmək üçün hər iki tərəfin qəbul etdiyi üçüncü şəxsin mülahizələrinə ehtiyac yaranır. İndiki halda, Qarabağ müharibəsinin veteranı və şəhid atası kimi, Etibar Mustafayevin hərəkətlərindən əzab çəkdim…

Müstəqilliyin Azərbaycan xalqı üçün necə başa gəldiyini anlamayan, barıt qoxusunu hiss etməyən, “qradlar”ın-“dolu”ların tükürpədən vahiməli səsindən həyəcanlanmayan birisinin hakim korpusunda olması adamı necə ağrıtmasın?! Mən, Bakı Dövlət Universitetinin əyani şöbəsini 1975-ci ildə bitirəndə E. Mustafayev hələ anadan olmamışdı. Onun mənə qarşı hörmətsizliyini atasına qarşı edilən müstəsna hörmətsizlik və həyasızlıq kimi qəbul edirəm.

Düşünürəm ki, E. Mustafayevin səhvlərinə mütləq reaksiya veriləcək, onun inzibati amirlik tonu aşağı düşəcək. Peyğəmbərimizdən (s.ə.s) bir ibrətamiz kəlam var: “Həyasızlığın qarşısı alınmayanda ən yüksək zirvəyə qalxa bilər”.

ölkə Prezidenti Möhtərəm İlham Əliyevin “Mən xalqın xidmətçisiyəm” ifadəsinin mahiyyətini anlamayan Etibar Mustafayevə üz tuturam: bəs, sən kimsən?!

Tam səmimi deyirəm, Azərbaycan xalqı üçün Ədliyyə Nazirliyinin kollegiyası və onun sədri nüfuza malikdir. Nazir, kollegiyanın sədri F.Məmmədovu peşəkar və siyasi müvazinətini ekstremal şəraitlərdə saxlaya bilən ali məmur, təmkinli, ədalətli bir insan kimi tanıyıram. Amma hakimlərin bəziləri bu nüfuza xələl gətirir. Vəzifə və kreslo insanı ucaltmır, bəzəmir, əksinə insan əxlaq və mədəniyyəti, biliyi və mənəviyyatı ilə o vəzifəni və kreslonu bəzəyir, ucaldır. Bu sadə həqiqəti qəbul etmək lazımdır. Etibar Mustafayev hakim nüfuzundan ağlı ilə istifadə etməyi bacarmalı və ünvanına söylənilən tənqidlərdən nəticə çıxartmalıdır. Hər gün ayna qarşısında üzünü təraş edən kişi hakim mədəniyyətinin və nüfuzunun aşağı düşməsinin qarşısını almağı bacarmalı və anlamalıdır ki, dövlətin və ədalət mühakiməsinin rəmzi olan auditoriyaya rəhbərlik edəcək, dövlətin adından aktlar imzalayacaq…

Açığı, hakim E. Mustafayevin hərəkəti hakimlərin fəaliyyətini tənzimləyən qanunlara və hakimlərin etik davranış kodeksinə də ziddir.

Mən bir dəfə də Sumqayıt şəhər Məhkəməsinin hakimi V. Rubinovun haqsızlığı ilə üzləşmişəm. Məhkəmə Hüquq Şurasına onun hərəkətləri barədə şikayət etdim. Mənim şikayətim, təəssüflər olsun ki, narazı qaldığım hakimə göndərilmişdi. Belə şey olarmı? Baxın, məhkəmə hakimiyyətini həyata keçirənlər sırasında kimlər var və kimlər olmalıdır?

Hakimlərin Etik Davranış Kodeksinin 2-ci maddəsinə görə, Hakim bütün hallarda Azərbaycan Respublikasının konstitusiyasına riayət etməli, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları fəaliyyətində rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. Etibar Mustafayev hərəkətləri ilə hakimin yüksək nüfuzuna, hörmət və izzətinə xətt çəkməklə əslində öz adını qaralayır, vətənə sədaqətlə xidmət etmək üçün içdiyi anda sədaqətsizlik göstərir, xəyanət edir.

Daha sonra həmin kodeksin 9-cu maddəsinə görə, icraatında olan işlərə baxarkən hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə yanaşı, proses iştirakçılarının hər birinə qarşı münasibətdə ədəb və nəzakətlə davranmalıdır. Lakin 10-15 dəqiqəlik səthi proses zamanı, açığı, mən hakim Etibar Mustafayevin nəzakətinin və mədəniyyətin nümayiş etdirilməsinin şahidi olmadım, əksini gördüm. Şübhəm yoxdur ki, ölkə Prezidentinin korrupsiya hallarına qarşı ədalətli və təqdir olunan addımları belə hakimlərin fironluğuna birdəfəlik son qoyacaq!