Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Strateq.az xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq qonaqları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq akademik Akif Əlizadə Azərbaycanda su ehtiyatları problemlərindən danışaraq alimlərin ölkədə su ehtiyatları və mənbələrinin yenidən qiymətləndirilməsi ilə bağlı tədqiqatlara başlanıldığını bildirib. Sözügedən məsələyə dair “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov “Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarə edilmənin elmi-metodik əsasları” adlı məruzə ilə çıxış edib. Bildirilib ki, son illər AMEA-nın Coğrafiya, Geologiya və Geofizika institutları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mövzuya dair tədqiqatlar aparılır, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən ehtiyatların yenidən qiymətləndirilməsinə başlanılıb. Araşdırma istiqamətləri əsasən su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiymətləndirilməsi, dayanıqlı idarə edilməsi və su təhlükəsizliyinin təminatına yönəlib.
Tədbirdə sözügedən məruzə ətrafında geniş müzakirələr aparılıb. İclasda ixtisas fənləri üzrə proqramların və test suallarının təsdiq edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev məruzə edib. Bildirilib ki, Akademiya prezidentinin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi” ilə əlaqədar 9 iyun 2015-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın elmi müəssisələrində işçi qruplar yaradılıb. İşçi qruplar müəyyən edilmiş tələblərə uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramlarını, həmçinin müvafiq ixtisas fənləri üzrə test suallarını hazırlayıb müvafiq elmi-metodiki şuralara təqdim ediblər. Nəticədə proqramların və test suallarının fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları zamanı istifadəsi məqsədəuyğun hesab edilib.
Tədbirdə AMEA-nın elmi müəssisələri tərəfindən hazırlanmış fəlsəfə doktoru, doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramları və müvafiq ixtisas fənləri üzrə test sualları (bankı) təsdiq edilib. İmtahanların təsdiq edilən test sualları (bankı) əsasında keçirilməsi, ixtisas fənləri üzrə proqramların iddiaçılara verilməsi və rus dilində imtahan verənlər üçün test suallarının tərcüməsinin təmin olunması qərara alınıb. Həmçinin doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə elmi müəssisələrdə imtahan komissiyalarının yaradılması qərarda qeyd olunub. Eyni zamanda imtahan komissiyalarının tərkibi, imtahanların keçirilmə tarixi, yeri və vaxtı barədə Elm və təhsil idarəsinə əvvəlcədən məlumat verilməli olduğu bildirilib.
Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-da “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) təsis edilməsi barədə olub. Bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş AMEA-nın Nizamnaməsini xatırladan akademik bildirib ki, Nizamnamənin müvafiq bəndlərində qeyd edildiyi kimi, Akademiyanın fəaliyyətini səmərəli təşkil etmək üçün AMEA-nın elmi müəssisələrinin nəşr etdirdikləri elmi, elmi-kütləvi və digər nəşrlərin təbliği, satışı və yayımı məqsədi ilə sahibkarlıq subyekti olan kommersiya qurumunun yaradılması zəruridir. Bu baxımdan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tabeliyində olan “Akademkitab” şöbəsinin (mağazası) ləğv edilməsi, AMEA Rəyasət Heyətinin nəzdində olmaqla şöbənin bazasında “Akademkitab” MMC-nin təsis olunması və nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunub. “Akademkitab” MMC-nin direktoru vəzifəsinə isə filologiya üzrə elmlər doktoru Əliağa Cəfərov təyin edilib.
AMEA-nın 70 illik yubileyinə hazırlıq vəziyyəti də iclasda müzakirə edilən məsələlərdən olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” təsdiq olunub. Akademik təşkilat komitəsi tərəfindən AMEA-nın 70 illik yubiley tədbirləri ilə bağlı qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd edib. Məlumatlar dinlənildikdən sonra yubileyə hazırlıq vəziyyəti Rəyasət Heyətinin qərarı ilə qənaətbəxş hesab olunub. Bununla yanaşı, AMEA-nın aidiyyatı qurumlarına planda göstərilən vəzifələrin icrası istiqamətində digər tədbirlərin həyata keçirilməsi tapşırılıb. Eyni zamanda 70 illik yubiley ərəfəsində Akademiyanın bir qrup əməkdaşlarının AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması qərara alınıb.
İclasda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması məsələsi müzakirə olunub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, son zamanlar Akademiyada həyata keçirilən islahatlar, o cümlədən ölkə səviyyəsində İKT-yə böyük diqqət “Elektron Azərbaycanın” tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaradıb. Qeyd edilib ki, bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları geniş tədqiq olunur, onun şəbəkə platforması olan “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası işləri davam etdirilir. Akademiyada İKT-nin geniş tətbiq olunduğu sahələrdən biri də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulmasıdır. Bu istiqamətdə science.az portalının müasir dünya standartlarına uyğun yeni versiyası hazırlanaraq istifadəyə verilib, onun tərkibində Elm TV İnternet televiziyası yaradılıb. Akademik həyata keçirilən bu tədbirlər nəticəsində AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən çoxlu sayda elektron video, audio və foto məzmunlu multimedia resurslarının toplandığını vurğulayıb. Qeyd edib ki, onlar Akademiyanın bu günkü fəaliyyətini əks etdirən qiymətli materiallar olaraq, həmçinin böyük tarixi əhəmiyyətə malikdir. Bu materialların mütəmadi olaraq toplanması, etibarlı saxlanması, sistemləşdirilməsi, “online”
istifadəsi və gələcək nəsillərə çatdırılması olduqca zəruridir.
Məsələ iclasda müzakirə olunduqdan sonra Rəyasət Heyəti İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması haqqında qərar qəbul edib. Daha sonra Rəyasət Heyəti tərəfindən Riyaziyyat və Mexanika İnstitutunda Beynəlxalq əlaqələr və Optimal idarəetmə şöbələrinin yaradılması qərara alınıb. Həmçinin, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Şəhriyar Cəfərzadənin İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinə ezam edilməsi, Nəsimi adına Dilçilik İnstitutunun qismən strukturunda dəyişiklik olunması barədə qərarlar qəbul edilib.
Sonda kadr məsələləri müzakirə olunub, fizika üzrə fəlsəfə doktoru Orxan Xəlilov Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi vəzifəsinə təyin olunub.
Strateq.az